“Ermənistanın bu addımı görüşlərin baş tutmamasına hesablanıb” AÇIQLAMA

“Ermənistanın bu addımı görüşlərin baş tutmamasına hesablanıb” AÇIQLAMA

"Atəşkəs rejiminin bu şəkildə pozulması, nəticə etibarı ilə xarici işlər nazirləri və prezidentlər səviyyəsində görüşlərin baş tutmamasına hesablanıb". Bu sözləri SİA-ya politoloq Elman Nəsirli Ermənistanın mütəmadi olaraq Azərbaycana qarşı təxribatı və dezinformasiya xarakterli məlumatlar yaymasına münasibət bildirərkən deyib.

O bildirib ki, həqiqətən də erməni mətbuatına nəzərə salsaq, onlar özlərinin həyata keçirdikləri təxribata don geyindirərək bizə qarşı çevirirlər: " Ermənistan təkcə atəşkəsi pozmaqla deyil, həmçinin öz mətbuatında bununla bağlı dezinformasiya xarakterli məlumatlar yaymaqla ölkəmizə qarşı təxribat etməyə çalışır. Onların mətbuatına nəzər salsaq, hər zaman öz etdiklərinə don geyindirərək bizə qarşı istifadə etməyə çalışırlar. Ötən gün bildirirdilər ki, guya Azərbaycan təmas xəttində atəşkəsi pozub, hətta hərbi həmlə həyata keçirib. Lakin Azərbaycanın Müdafiə Nazirliyi bununla bağlı bəyanat yaydı və qeyd etdi ki, bütün bunlar təxribat xarakterlidir. Əslində isə atəşkəs rejimini onlar pozurlar".

Politoloq vurğulayıb ki, Ermənistan hər zaman danışıqlar ərəfəsində bu kimi addımlara əl atır: "Bildiyiniz kimi, bu ayın sonunda həmsədrlərin regiona səfəri və xarici işlər nazirlərinin görüşü planlaşdırılır. Belə olan halda hər zaman olduğu kimi, bu dəfə də Ermənistan danışıqların pozulması və gözləntisi olan nəticələrin sıfıra endirilməsi tendensiyasını həyata keçirməyə çalışır. Bu tendensiya hər zaman var və bir daha bunun şahidi olduq. Vyana danışıqlarına görə, müəyyən pozitiv addımlar atılmışdı və qarşıdakı aylarda prezidentlər arasında görüş təşkil edilməli idi. Bu məsələlər razılaşdırılmışdı və hər şey bu əsasda davam edirdi. Ermənistan tərəfindən belə bir addımın atılması təbii ki, görüşlərin mane olmasına hesablanıb. Onlar bu addımla danışıqlarda heç bir nəticə əldə olunmamasını, danışıqların yalnız danışıq xatirinə keçirilməsinə çalışır, status-kvo vəziyyətini qorumağa cəhd edirlər. Ermənistanın xətti budur və hər zaman bunun şahidi olmuşuq".

Həmsədrlərin bu vəziyyətdən narahat olması məsələsinə gəlincə, E. Nəsirli söyləyib ki, ATƏT-in Minsk qrupunun məsələyə münasibəti təcavüzkarla təcavüzə məruz qalan arasında bərabərlik işərəsi qoymaqdan ibarətdir: "Çox təəssüf ki, son insidentdə də atəşkəs rejiminin Ermənistan tərəfindən kobud şəkildə pozulmasına baxmayaraq, Minsk qrupunun tərəflərə olan yanaşma tərzində heç bir dəyişiklik olmayacaq. Bu cür davam etməklə də danışıqların həllinə nail olmaq qeyri-mümkündür".

Bütün xəbərlər Facebook səhifəmizdə