20 Yanvar faciəsi qurbanlarının xatirəsi İstanbulda da anılıb

20 Yanvar faciəsi qurbanlarının xatirəsi İstanbulda da anılıb

Azərbaycanın İstanbuldakı baş konsulluğunda xalqımızın ən böyük faciələrindən biri, eyni zamanda, şərəf günü olan 20 Yanvar qətliamının ildönümü ilə bağlı anım mərasimi keçirilib. Konsulluqdan SİA-ya verilən məlumat görə, tədbirdə diaspor təmsilçilərimiz, qardaş ölkədə yaşayan soydaşlarımız, tələbələr, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları ilk olaraq şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbirin davamında Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirlib.

Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov 20 Yanvar qətliamının səbəbləri, həmin ağır dövrdə xalqımızın azadlıq mübarizəsindən və M.Qorbaçov başda olmaqla SSRİ rəhbərliyinin ermənipərəst siyasətindən ətraflı bəhs edib.

Baş konsul bildirib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda dinc əhaliyə divan tutan sovet qoşunları 150-yə yaxın insanı amansızlıqla qətlə yetirib, 700-dən çox şəhər sakini yaralanıb: "Həmin faciəli günlərdə xalqımızın Ümummilli Lideri Heydər Əliyev Moskvadakı daimi nümayəndəliyə gələrək, bu qətliamın günahkarlarını pisləyən bəyanat verrdi. Qanlı Yanvar faciəsinə hüquqi və siyasi qiymət də məhz Ulu Öndərin səyləri ilə verilib.

Mərasimdə çıxış edən Yıldız Texniki Universitetinin professoru Adil Allahverdiyev, diplomat Mikayıl Yusifov, hərbçi Elçin Məmmədov, tələbə Rəşad Abdullayev və İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin sədri Səfər Qaraqoyunlu bildiriblər ki, 20 Yanvar faciəsi, Xocalı soyqırımı və digər qətliamlar bütün türk dünyasına qarşı törədilən cinayətlərdir.

Vurğulanıb ki, Qanlı Yanvar Azərbaycan tarixində milli azadlıq mübarizəsinin şanlı səhifəsi kimi qalacaq.

Sonra mərasim iştirakçıları 20 Yanvar qətliamını əks etdirən fotosərgi ilə tanış olublar və sənədli filmə baxıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə