NATO-Azərbaycan əlaqələri uğurla inkişaf edir FOTO

NATO-Azərbaycan əlaqələri uğurla inkişaf edir FOTO

Yanvarın 15-də Brüsseldə işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin NATO-nun baş katibi Anders Foq Rasmussen ilə görüşü olub. NATO-nun baş katibi Anders Foq Rasmussen Prezident İlham Əliyevi alyansın mənzil–qərargahında qarşılayıb.

Anders Foq Rasmussen dövlətimizin başçısı İlham Əliyevi yenidən Prezident seçilməsi münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb. Prezident İlham Əliyevin NATO-ya, özünün isə 2012-ci ildə Bakıya etdiyi səfərləri xatırlayan Anders Foq Rasmussen keçirilən görüşlər zamanı səmərəli müzakirələrin aparıldığını deyib. NATO-Azərbaycan əlaqələrinin uğurla inkişaf etdiyini deyən baş katib Əfqanıstanda həyata keçirilən sülhyaratma əməliyyatları zamanı Azərbaycanın tranzit, maliyyə yardımı və digər sahələrdə göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib. NATO-nun baş katibi Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin, o cümlədən Qafqazda sülhün və təhlükəsizliyin təmin edilməsi baxımından mühüm ölkə olduğunu deyib, əlaqələrimizin bundan sonra da inkişaf edəcəyinə əminliyini vurğulayıb.

Prezident seçkilərində qələbəsi münasibətilə təbrikə görə minnətdarlığını bildirən dövlətimizin başçısı İlham Əliyev NATO-Azərbaycan əlaqələrinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini deyib, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində fəal iştirak etməsinin önəmini vurğulayıb. NATO ilə əlaqələrin Azərbaycanın Avratlantik strukturlara inteqrasiyasının mühüm tərkib hissəsi olduğunu deyən dövlətimizin başçısı əməkdaşlığın gələcəkdə də genişləndiriləcəyinə ümidvar olduğunu vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə