Seymur Orucov: “2 fevral Gənclər Günü ilə bağlı hesabat jurnalı hazırlamışıq” AÇIQLAMA

Seymur Orucov: “2 fevral Gənclər Günü ilə bağlı hesabat jurnalı hazırlamışıq” AÇIQLAMA

"Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi olaraq 20 Yanvar – Ümummilli Matəm Günü ilə bağlı 5-ə yaxın tədbirin həyata keçirilməsini planlaşdırırıq. Bunlardan bir neçəsi gənclərimizin ümumrespublika əhəmiyyətli tədbirlərdə iştirakı və Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyi tərəfindən düşünülən planlardır". Bunu SİA-ya YAP GB-nin sədri Seymur Orucov deyib.

"Çalışacayıq ki, həmin ərəfədə bir qrup şəhid ailələrini ziyarət edib, onlara yardımlar edək və dərdlərinə şərik olaq. Bununla belə düşünürük ki, böyük bir qrupla Şəhidlər Xiyabanını ziyarət edək. Burada üst geyimlərinə 1990-cı il yanvarın 20-də şəhid olmuş insanların şəkillərini yapışdıran gənclər Şəhidlər xiyabanını ziyarət edəcək və "Əbədi məşəl" abidəsi önündə maraqlı kompozisiya ilə 20 Yanvar hadisələri ilə bağlı Azərbaycan gəncinin mövqeyini nümayiş etdirəcəklər. Biz bu ənənəni hər il davam etdiririk. Ötən il də YAP GB-nin bir qrup aktiv gəncləri bu tədbiri reallaşdırıb. YAP GB-nin Ofisində isə bu hadisələrlə bağlı dəyirmi masa təşkil edəcək. Bundan əlavə YAP GB-nin rayon təşkilatlarının hər biri ayrı-ayrılıqda müəyyən tədbirlər həyata keçirəcəklər" – deyə, S. Orucov deyib.

YAP GB sədri 2014-cü ildə qarşıda duran planlar haqqında da danışaraq deyib ki, Azərbaycan gənclərinin böyük bir hissəsini öz ətrafında birləşdirən YAP GB mütəmadi olaraq müxtəlif layihələr həyata keçirir: "2014-cü ilin fəaliyyət proqramında bir çox layihələrin reallaşdırılması nəzərdə tutulub. Bizim mütəmadi olaraq (yay və qış məktəbləri, dil kursları və s.) tədbirlərimiz təşkil edilir. Eləcə də gənclər tərəfindən bir çox layihələrin reallaşdırılması ilə bağlı işlərimizi davam etdiririk. Bununla belə 2 fevral Gənclər Günü ilə bağlı hesabat jurnalı hazırlamışıq. Həmin jurnal isə yaxın günlərdə nəşr olunacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə