Aydın Mirzəzadə: “Radikal müxalifətin ixtilafının Azərbaycan siyasətinə heç bir aidiyyatı yoxdur” AÇIQLAMA
"Radikal müxalifətin bu çaxnaşmaları hər zaman davam edəcək. Nə qədər ki, məlum müxalifət Azərbaycan siyasətində radikal mövqe tutur, reallıqdan uzaq dayanır və Azərbaycanın milli maraqlarını xaricdən gələn qrantlara qurban verir düşünürəm ki, onların daxilində həmişə qarşıdurma, gərginlik və məğlubiyyət olacaq". Bunu SİA-ya millət vəkili Aydın Mirzəzadə müxalifət qəzetində AXCP sədri Əli Kərimli haqda yazılanlara münasibət bildirərkən deyib.
Millət vəkilinin sözlərinə görə, "Yeni Müsavat" qəzetində mütəmadi olaraq AXCP sədri Əli Kərimlinin fikirlərinə yer verilib və onun partiyasının mövqeyi açıqlanıb: "Bu gün AXCP və Müsavat partiyaları arasında olan mübahisələr nəticədə hər iki partiyanın nəzarəti altında olan qəzetin digəri haqqında ifşaedici məlumatlar yaymasına səbəb olub. Yəni onlar bir-birini daxildən daha yaxşı tanıyırlar. Bu baxımdan hesab edirəm ki, onların verdiyi qiymət həqiqətə yaxındır".
"Bu gün Azərbaycan vətəndaşı köhnə dövrün təfəkkürü ilə yaşayan bəzi siyasi qüvvələrin və onların liderlərinin arxasınca getmək istəmir. Bu gün sayları çox az olan və gündəmdə qalmaq üçün siyasi şou düzəldənlər arasında mübarizə gedir. Radikal müxalifətin ixtilafının Azərbaycan siyasətinə heç bir aidiyyatı yoxdur. Təsadüfi deyil ki, heç bir yerdə işləməyən müxalifət liderlərinin bu gün güzəranı kifayət qədər yüksəkdir. Radikal müxalifət bütün seçkilərdə uduzur və cəmiyyətə hər hansı bir yaradıcı proqram təklif edə bilmir. Bu gün onların fəaliyyəti Azərbaycan vətəndaşının deyil, məhz həmin partiyada olan bir qrupun mənafeyinə uyğun şəkildə aparılır. Heç təsadüfi deyil ki, Müsavat Partiyası dörd ildir ki, öz nizamnaməsinə ziddi olaraq qurultayını keçirmir. Belə olan təqdirdə hansısa yenilikdən söhbət gedə bilməz" – deyə, A. Mirzəzadə sözlərinə əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB