Aydın Mirzəzadə: “Bu il sənayeni bütün istiqamətlər üzrə irəli aparmaq mümkün olacaq” AÇIQLAMA
"Prezident İlham Əliyev ayrı-ayrı illərdə strateji məsələləri önə çəkməklə və məhz həmin ildə həmin sahəyə diqqəti artırmaqla bu sektorun daha çox inkişaf etməsinə nail olub. Məsələn, 2012-ci il "Turizm ili", 2013-cü il "İKT ili" elan edildi. Hər iki ildə həyata keçirilən iri iqtisadi layihələr, yatırılan vəsaitlər öz bəhrəsini verdi. Azərbaycanda dünya standartlarına cavab verən turist kompleksləri inşa edildi, turizm sektorunda bum yaşandı, xarici ölkələrdən Azərbaycana turist axını başlandı. Növbəti "İKT ili"ndə isə ölkəmiz Kosmik ölkələr klubuna üzv oldu". Bunu SİA-ya YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə 2013-cü ilin sosial-iqtisadi yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrinə dair Nazirlər Kabinetinin iclasında çıxışı zamanı 2014-cü ili "Sənaye ili" elan etməsi məsələsinə münasibət bildirərkən deyib.
"2014-cü ilin "Sənaye ili" elan edilməsi şüardan ibarət deyil. Artıq Azərbaycanda iqtisadiyyatın inkişafı, sənayeləşmənin ciddi əsası qoyulduğuna görə, bu il sənayeni bütün istiqamətlərdə irəli aparmaq mümkün olacaq. Eləcə də mövcud sənaye müəssisələri modernləşdiriləcək, ən əsası isə iqtisadi inkişaf mərkəzləri paytaxtdan əyalətlərə köçürüləcək. Cənab Prezident İlham Əliyevin diqqəti sayəsində ölkəmizdə həm ənənəvi sənaye sahələri, həm də Azərbaycan üçün yeni olan sənaye müəssisələri ardıcıl sürətdə istifadəyə verilməkdədir. Təbii ki, bu da Azərbaycan iqtisadiyyatında sənayenin həcminin durmadan artmasına gətirib çıxarır.
Bütün bunlar yeni iş yerləri, dövlət büdcəsinə yeni gəlirlərin gəlməsi, eyni zamanda Azərbaycan və xarici bazarın ciddi surətdə tutulması deməkdir. Hesab edirəm ki, cənab Prezidentin bu ili "Sənaye ili" elan etməsi Azərbaycanda yeni və iri sənaye müəssisələrinin yaranmasına, orta sahibkarlar təbəqəsinin formalaşmasına və xırda sahibkarlara dövlət tərəfindən ciddi dəstəyin göstərilməsinə şərait yaradacaq. Bir sözlə, əvvəlki illərdə olduğu kimi 2014-cü ildə də qarşıya qoyulan vəzifələrin uğurla həyata keçəcəyinə heç bir şübhə olmamalıdır", – deyə millət vəkili sözlərinə əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB