Cəmil Həsənli: "Müsavat Partiyasını seçkidən sonrakı dövrdə Milli Şura ilə bağlı narahat edən bir sıra məsələlər var idi"

Cəmil Həsənli: "Müsavat Partiyasını seçkidən sonrakı dövrdə Milli Şura ilə bağlı narahat edən bir sıra məsələlər var idi"

Müsavat Partiyasını seçkidən sonrakı dövrdə Milli Şura ilə bağlı narahat edən bir sıra məsələlər var idi və həmin məsələlərdə Müsavat Partiyası iddialarla çıxış edib. SİA-nın məlumatına görə, bunu Milli Şuranın sədri Cəmil Həsənli deyib.

"Biz o məsələlərin böyük bir hissəsini həll etdik. Bunlardan biri Rüstəm İbrahimbəyovla bağlı idi. O Rüstəm İbrahimbəyov ki, onun Milli Şuranın sədri postuna, həmçinin prezidentliyə namizədliyini İsa Qəmbər təklif etmişdi. Lakin seçkidən sonra Müsavatda belə yanaşma var idi ki, Rüstəm İbrahimbəyov Bakıya gələ bilmir və o sədrlikdən getməli, bu posta Cəmil Həsənli gəlməlidir" - deyə o bildirib.

Həmsədrlik məsələsində də Müsavat Partiyasının etirazlarına gəlincə, bu dəfə "Yeni Müsavat" qəzetini ittiham edən C.Həsənli ümumiyyətlə müsavatçıların iddialarını ondan öncə çıxış edən digər cəbhəçilər kimi bəhanə adlandırıb: "Yeni Müsavat"da bir sıra yazılar getdi. Buna görə də Rüstəm İbrahimbəyov həmsədrlikdən də imtina etdi. Mən hesab edirəm ki, Rüstəm İbrahimbəyovla bağlı qoyulan məsələnin obyektiv əsası yoxdur. Bunlar bəhanə idi və biz bunu aradan götürdük".

O, bildirib ki, Milli Şurada qəbul edilən sənədlərə Müsavat rəhbərliyi də imza atıb: "Milli Şura yarananda iki mühüm sənəd qəbul edilib. Onlardan biri siyasi bəyannamə, digəri isə memorandumdur. Hər iki sənəddə Milli Şuranın məqsəd və məramları, hədəfləri orda əks olunub. Gülağa Aslanlı deyir ki, biz həmin sənədlərə imza atmamışıq. Nə fərqi var, qələm tutan əlinlə səs vermisən də. Səsvermə ilə qəbul edilən sənədin mahiyyətini şübhə altına almaq olmaz".

Daha ilginc məqam isə Cəmil Həsənlinin Rüstəm İbrahimbəyovu dolayısı ilə ittiham etməsidir. Belə ki, İbrahimbəyovun sədrliyi dövründə idarəetmə müxanizminin olmadığını deyən Həsənli bunu həmin zamanlarda özünün Milli Şuranın sədri olmaması ilə əlaqələndirib: "Seçkidən bir müddət sonra sədr postunda dəyişiklik baş verdi. Mən sədr olmaya-olmaya bu dəyişiklikləri necə edə bilərdim?".

Milli Şuranın gizli layihəsi ətrafındakı siyahısına da münasibətini açıqlayan Cəmil Həsənli bir daha sübut edib ki, əslində, o, məhz AXCP sədri Əli Kərimıinin dominatlığı altında fəaliyyət göstərən fiqurdur. Belə ki, C.Həsənli bunu öz sözləri ilə verdiyi müsahibəsində etiraf edib. O, müsahibədə bildirib ki, qəbul olunmuş siyahı AXCP-nin təlimatları əsasında hazırlansaydı müsavatçılara bir yer artıq düşə bilərdi: "Əgər siyahı cəbhənin diqtəsi ilə hazırlanıbsa, o zaman onlara heç olmasa bir yer artıq düşməli idi."

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə