Arif Hacılı: "Müsavatın qərarı "soyuq duş" effekti yaradacaq"

Arif Hacılı: "Müsavatın qərarı "soyuq duş" effekti yaradacaq"

Müsavatın Milli Şuradan ayrılmasından sonra qısa müddət susqunluğunu saxlayan partiyanın Mərkəzi İcra Aparatının sədri Arif Hacılı son anda təmsil olunduğu siyasi təşkilata qarşı AXCP-nin ittihamlarına dözməyərək cavab vermək məcburiyyətində qalıb. SİA-nın məlumatına görə, Milli Şura ilə bağlı qərarın bilavasitə partiya başqanı İsa Qəmbərə aid olmadığını deyən Arif Hacılı bildirib ki, sözügedən addım partiya strukturlarında qəbul edilmiş qərar əsasında verilib: "İsa Qəmbər Müsavat Məclisində Milli Şura ilə bağlı kimin başqa təklifi var soruşsa da, əlavə təklif olmadı. Ona görə də guya bu məsələnin Müsavatı parçalayacağı barədə fikirlər tamamilə absurddur, heç bir əsası yoxdur."

Müsavat rəsmisi AXCP-nin ittihamlarına cavab olaraq qeyd edib ki, vaxtilə Müsavatla eyni partiyada birləşməyə hazır olduqlarını bəyan edən cəbhəçilər bu kimi ittihamları ilə növbəti dəfə qeyri-səmimi olduqlarını nümayiş etdirdilər: "Təəssüf ki, hətta bizimlə bir partiyada birləşməyə hazır olduğunu bəyan edən qüvvələr, hətta bizim müttəfiqliklə bağlı irəli sürdüyümüz təkliflərə belə razı olmamaqla Müsavatla birləşmək haqqındakı təkliflərinin də qeyri-səmimi olduğunu biruzə verdilər. Bunun ardınca Müsavat Partiyasına qarşı geniş bir böhtan kampaniyasına başladılar. Əgər siyasi partiyalar bizimlə ikitərəfli əməkdaşlığa, müttəfiqliyə razı deyillərsə və bizim bu təkliflərimizi yalnız rədd etməklə kifayətlənməyərək hələ üstəlik, Müsavat Partiyasına qarşı böhtan, təhqir kampaniyasına başlayırlarsa, təbii ki, bu qüvvələrlə çoxtərəfli əməkdaşlığın da qeyri-mümkün olduğu ortalığa çıxır".

Arif Hacılı Müsavatın Milli Şuradan ayrılma qərarının düşərgəyə soyuq duş effekti verəcəyini, eləcə də AXCP-ni düşünməyə məcbur olacağını da istisna etməyib: "Düşünürəm ki, Müsavat Partiyasının bu qərarı müxalifət düşərgəsində bir soyuq duş effekti yaradacaq, hər kəs düşünməyə məcbur olacaq."

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə