Millət vəkili imza mərasimini hərbi hissədə keçirib

Millət vəkili imza mərasimini hərbi hissədə keçirib

Ermənistanla ön cəbhədə yerləşən hərbi hissədə millət vəkili, siyasi elmlər üzrə fəlsəfə doktoru Qənirə Paşayevanın kitablarının imzalanması mərasimi keçirilib. SİA-nın məlumatına görə, ön cəbhədə əsgər və hərbiçilərimiz üçün kitablarının imzalanma mərasiminin təşkili üçün Silahlı Qüvvələrin rəhbərliyinə təşəkkürünü bildirən millət vəkili Qənirə Paşayeva bu tədbirin kitablarının təqdimatı və imzalanma tədbirlərinin hamısından onun üçün daha böyük məna daşıdığını deyib. O, əsgər və hərbiçilərə müəllifi olduğu kitablar barədə qısa məlumat verdikdən sonra onlarla toplumda kitab oxumağa meyilliyin artmasının vacibliyi barədə fikir mübadiləsi də aparılıb. Maraqlı keçən söhbət və görüşün sonunda Qənirə Paşayeva müəllifi olduğum kitablar siz dəyərli əsgər və hərbiçilərimizin xoşuna gələrsə, bundan məmnun qalaram deyib.

Sonra əsgər və hərbiçilər üçün kitablarını imzalayaraq hədiyyə edən millət vəkili Qənirə Paşayeva həyatında hər zaman yadda qalacaq günlərdən birini yaşadığını deyib. Əsgər və hərbiçilər adından millət vəkili Qənirə Paşayeva təşəkkürünü bildirən hərbi hissənin rəhbəri polkovnik Mais Barxudarov bu tədbiri əsgər və hərbiçilərin heç bir zaman unutmayacağını deyərək bayram günlərində belə bir tədbirin keçirilməsinin və müəllifin imzası ilə verilən hədiyyə kitablarının onlar üçün çox dəyərli olduğunu deyib.

Tədbirin sonunda Azərbaycanın Əməkdar Artisti Elza Seyidcahan və əsgərlər maraqlı konsert proqramı ilə çıxış edib və ön cəbhədə xidmət edən əsgər və hərbiçilərimizi bayram münasibəti ilə təbrik edərək gözəl bir bayram axşamı yaşadıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə