Zəminə Dünyamalıyeva: "Bunlar eyni xəmirdən yoğrulublar, mayaları birdir"

Zəminə Dünyamalıyeva: "Bunlar eyni xəmirdən yoğrulublar, mayaları birdir"

ACP-nin eks-üzvü, Rəsul Quliyev tərəfdarı Zəminə Dünyamalıyeva müxalifəti ittiham edən növbəti açıqlaması ilə çıxış edib. SİA-nın məlumatına görə, Zəminə Dünyamalıyeva ənənəvi düşərgənin 2013-cü ildəki fəaliyyətini sərt şəkildə tənqid edərək bildirib ki, məhz ötən ildə müxalifətin iç üzü tam olaraq açılıb: "2013-cü ildə müxalifət dediyimi zümrənin tam iç üzü açıldı. Bundan öncə də belə halların şahidi olmuşduq, amma 2013-cü il həm də bütün qaranlıqları ortaya çıxartdı".

Onun fikrincə, müxalifət liderlərindən bu ildə də hər hansı uğur gözləməyə dəyməz və liderlər əvvəl-axır siyasi arenanı tərk etmək məcburiyyətində qalacaqlar: "2014-cü ildə bu müxalifət arxivdə qalacaq. Mən ümid edirəm və gözləyirəm ki, 2014-cü ildə yeni qüvvələr meydana çıxacaq. İndi müxalifət öyrənib yerində saymağa. Güman ki, yenə getmək istəməyəcəklər, amma hesab edirəm ki, getməyə məhkumdurlar. Qalmaq istəsələr belə onlara daha əvəlki kimi yer olmayacaq".

Rüstəm İbrahimbəyovun Milli Şuranın fəxri sədrlikpostundan istefa verməsinə də getməsinə də münasibət bildirən eks-ACP rəsmisi qeyd edib ki, onun bu postda qalması yanlış addım idi: "Ona bu təklif olunanda gərək razı olmayaydı. Anlamalı idi ki, bu müxalifətlə yol getmək çətindir, onlarla yol getmək istəyən gərək onlar kimi olsun. İndi ziyanın yarısından dönüb bundan imtina etməsi də yaxşıdır. Cəmil Həsənlinin Rüstəm İbrahimbəyovun gedişinə biganə münasibəti təəccüblü deyildi".

Dünyamalıyeva son olaraq onu da bildirib ki, müxalifət liderlərinin xəmiri eyni yoğrulub və onlar bir-birlərindən fərqlənmirlər: "Cəmil Həsənli də Cəbhədən çıxmış adamdır. Mayaları birdir. Müəyyən məqamlarda fərqli görünə bilər, amma fərqli hərəkətlər, fərqli gedişlər etmələri mümkün deyil. Bunlar eyni xəmirdən yoğrulublar. Onun da eyni münasibət bəsləməsini təbii hesab edirəm".

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə