Rüstəm İbrahimbəyovun fəxri sədrlik postundan istefa verməsi ona yaxın tərəflərin də Milli Şuradan istefa vermələri ilə nəticəsini tapmaqdadır. SİA-nın məlumatına görə, artıq Milli Şurada təmsil olunmayan "El" Hərəkatının Ali Məclis sədri Eldəniz Quliyev də baş verənlərdə Müsavat Partiyasının əsas günahkar olduğunu iddia edir.
"Onlar Milli Şuranı nəinki parçalamağa, bu təşkilatı süquta uğratmağa yönəlik addımlar atır" - deyən "El" rəsmisi Müsavat Partiyasına eyham vuraraq, qarşı tərəfin İbrahimbəyova hörmətsiz münasibət sərgilədiklərini bildirib: "Milli Şuranın son sessiyasından indiyə qədər bəzi siyasilər Rüstəm Ibrahimbəyova qarşı az qala hörmətsiz münasibət sərgilədilər. Rüstəm bəy sonda təngə gəldi".
Müsavat Partiyasının əvvəl-axır Milli Şuranı tərk edəcəyini də iddia edən Eldəniz Quliyev bildirib ki, Rüstəm Ibrahimbəyovun fəxri sədrlikdən istefasından sonra Müsavat Partiyası fasilə götürəcək: "Burada da məqsəd o olacaq ki, Milli Şuranın parçalanmasının günahı Müsavata yazılmasın. Amma bu böyük səhvdir. Hazırda baş verənlərə qətiyyən bələdçi lazım deyil".
Burada böyük məsuliyyətin Milli Şuranın sədri Cəmil Həsənlinin üzərinə düşdüyünü deyən "El" rəsmisi bildirib ki, Cəmil Həsənli ağı-qaradan seçməlidir: "Cəmil Həsənli artıq ağa-ağ, qaraya-qara deməlidir. Cəmil Həsənli konkret deməlidir ki, kimlər Milli Şuraya zərbə vurur və onların məqsədi nədir..?"
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB