Bahar Muradova: “Minsk qrupunun həmsədri olan ölkələr dünya siyasətinin aparıcı fiqurlarıdır”
"ATƏT-in Minsk qrupunun fəaliyyəti Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində irəliyə atılmış addım hesab edilən nəticələrə əsasən qiymətləndirilməlidir". SİA-nın məlumatına görə, bunu Milli Məclisin sədr müavini Bahar Muradova ATƏT-in Minsk qrupunun bu ilki fəaliyyətindən danışarkən deyib.
B.Muradovanın sözlərinə görə, Azərbaycan ATƏT-in Minsk qrupunun fəaliyyətindən narazıdır: "Ancaq ümumilikdə yanaşdıqda, ATƏT-in Minsk qrupunun həmsədrləri bu il ərzində bölgəyə çoxsaylı səfərlər edib, görüşlər təşkil edib, işğal altındakı ərazilərin monitorinqini aparıblar, atəşkəs rejiminə necə əməl edilməsi ilə bağlı hesabatlarını təqdim ediblər. Bu baxımdan yanaşanda ATƏT-in Minsk Qrupu fəaliyyət göstərir. Amma çox təəssüf ki, bu fəaliyyətin konkret nəticələri danışıqlar prosesində öz əksini tapmır və irəliləyiş hesab ediləcək hansısa addımların şahidi olmamışıq. Uzun müddət dayandırılmış danışıqların prezidentlər arasında davam etdirilməsini müsbət dəyərləndirirəm. Ancaq narazılığımız Ermənistan qoşunlarının ərazilərimizi tərk edənə qədər davam edəcək".
ATƏT-in Minsk qrupunun formatının dəyişdirilməsi məsələsinə toxunan B.Muradova qeyd edib ki, bu istiqamətdə fikirlər hər zaman mövcud olub və bu da təbiidir: "Nəticə olmadıqca danışıqlar xatirinə danışıqlar keçirilir, vaxt uzanır, münaqişə dərinləşir, insanların ümidi daha da azalır. Ona görə də belə fikirlər səsləndirilir. Ancaq Minsk qrupunun həmsədri olan ölkələr dünya siyasətinin aparıcı fiqurlarıdır və Ermənistana da kifayət qədər ciddi təsir imkanları olan ölkələrdir. Həmsədr ölkələrin hazırkı format çərçivəsində fəaliyyətlərini genişləndirməsi və real nəticəyə nail olmaq istəklərini ortaya qoymalarını gözləmək, bu işi stimullaşdırmaq lazımdır. Bu ölkələrin dəyişdirilməsi, Minsk qrupunun həmsədrliyinə digər ölkələrin daxil edilməsi barədə təkliflər prosesi yenidən sıfır nöqtəsinə qaytaracaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB