Aydın Mirzəzadə: "Münaqişə Ermənistanın əleyhinə işləməkdədir" MÜSAHİBƏ

Aydın Mirzəzadə: "Münaqişə Ermənistanın əleyhinə işləməkdədir" MÜSAHİBƏ

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadənin SƏS TV-yə müsahibəsi:

- Aydın müəllim, ilin yekunları ilə bağlı ölkəmiz bir çox uğurlara imza atıb. Siz bir millər vəkili olaraq Azərbaycanın xarici siyasətini necə qiymətləndirirsiniz?

- Qətiyyətlə demək olar ki, Azərbaycanın siyasi həyatında digər illərdə olduğu kimi bu il də uğurlu oldu. 2013-cü il ilk növbədə beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun durmadan artması ilə yadda qalır. Təbii ki, bu da ölkə prezidenti cənab İlham Əliyevin yürütdüyü düşünülmüş xarici siyasətlə bağlıdır. Daxili siyasətin uğurlarına söykənən xarici siyasət Azərbaycanı regionun lider dövlətinə və beynəlxalq aləmdə mövqeyi diqqətlə dinlənilən ölkəyə çevirmişdir. Azərbaycan nəyinki regionda, o cümlədən beten dünyada yüksək nüfuza sahibdir. Çox sevindirici haldır ki, bu gün ölkəmiz beynəlxalq aləmdə təhlükəsizliyin və sülhün başlıca təminatçılarından biridir. Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi onu beynəlxalq aləmin aktiv dövlətlərindən birinə çevirmişdir. Dünyada elə bir məsələ yoxdur ki, Azərbaycan bununla bağlı öz mövqeyini ortaya qoymasın. Azərbaycan beynəlxalq arenada sülhün carçısı kimi tanınır. Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlamasına baxmayaraq, Azərbaycan bu gün bütün dünyada ilk növbədə hər bir ölkənin hüquqlarının qorunması, beynəlxalq hüquq normalarına hörmətlə yanaşılması, regional və ümumdünya problemlərinin həll edilməsini istiqamətində ciddi addımlar atır. Ölkəmizin atdığı uğurlu addımlar öz bəhrəsini verməkdədir.

- Uğurlu inkişaf strategiyası Azərbaycanı aparıcı dövlətlər sırasına daxil olmasına zəmin yaradıb. Sizcə, bunun Dağlıq Qarabağ münaqişəsinə nə kimi təsiri ola bilər?

- İldən-ilə Dağlıq Qarabağ probleminin həllində Azərbaycanın mövqeyi artmaqdadır. Lakin aydındır ki, bu məsələnin həllində Azərbaycanla yanaşı digər ölkələrin mövqeyi də rol oynayır. Çünki bu məsələ artıq iki dövlət arasında mövcud olan problem olmaqla yanaşı, eyni zamanda beynəlxalq miqyaslı problemə çevrilib. Əgər Ermənistanı müdafiə edən bəzi beynəlxalq qurum və dövlətlər olmasa idi, bu gün Azərbaycan çoxdan problemi həll etmək iqtidarında olardı. Ən əsası, Dağlıq Qarabağ problemi bu gün Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistanın əleyhinə işləməkdədir. Çünki Ermənistan vətəndaşlarının durmadan ölkələrini tərk etməsi, onların iqtisadi-sosial vəziyyətlərinin olduqca aşağı səviyyədə olması və digər dövlətlərdən iqtisadi cəhətdən asılı vəziyyətə düşməsi Dağlıq Qarabağ probleminin hələ də həll edilməməsidir. Doğrudur, Azərbaycan bu gün Dağlıq Qarabağ problemini tam olaraq həll edə bilmir. Lakin buna baxmayaraq birmənalı şəkildə demək olar ki, Azərbaycan problemin həllinə həddindən artıq yaxınlaşıb. Bizə bu kimi fikri səsləndirməyə Azərbaycanın beynəlxalq arenada mövcud olan yüksək səviyyəli nüfuzu əsas verir. Heç də təsadüfi deyil ki, Ermənistan vətəndaşları işğal etdikləri torpaqları azad etmək istiqamətində çağırışlar edirlər. Xaricdə fəaliyyət göstərən erməni diasporları da Ermənistan rəhbərliyini Azərbayanla danışıqlar aparmağa təhrik edir.

- Bu il Azərbaycanın ən uğurlu layihələrindən biri də "Şahdəniz-2" layihəsi oldu. Sizcə, sözügedən layihə Azərbaycana beynəlxalq arenada nə kimi nüfuz gətirəcək?

- Nəzərinizə çatdırım ki, bu sadəcə iqtisadi layihə deyil, eyni zamanda Azərbaycanın iqtisadi və siyasi cəhətdən əldə etdiyi uğurların məntiqi sonluğudur. Bildiyiniz kimi, sözügedən layihəyə Türkiyənin, Böyük Britaniyanın, Fransanın, Norveçin iri neft şirkətləri tərəfdaş kimi cəlb edilib. Qeyd etmək istərdim ki, layihənin birinci ilində 10 milyard kub metr, 2018-ci ildə isə 20 milyard kub metr qaz Avropaya yönləndiriləcək. Bu da Avropanın 12 ölkəsini qazla təmin etməyə imkan verəcək. Bütün bu kimi faktlar bir daha Azərbaycanın iqtisadi cəhətdən beynəlxalq nüfuzundan xəbər verir. Bu və digər sahələrdən gələn gəlir dövlətimizin inkişaf etdirilməsinə yönələcəkdir.

- Bildiyiniz kimi, VİOAS jurnalı prezident İlham Əliyevi "İlin adamı" elan edib. Bunu prezident İlham Əliyevin dünya liderləri arasında aparıcı nüfuza sahib olması kimi qiymətləndirmək olarmı?

- Artıq bir neçə dəfədir ki, xaricin nüfuzlu jurnal və qəzetlər cənab Prezidenti "İlin adamı" elan edirlər. Cənab Prezidentin fəaliyyəti təkcə Azərbaycanın coğrafiyası ilə məhdudlaşmır, eyni zamanda regionda və dünyada da özünü əks etdirir. Azərbaycanın müxtəlif vaxtlarda digər ölkələrə edilən iqtisadi yardımından da bəhs etmək istərdim. Sözügedən edilən yardımlar Azərbaycanın iqtisadi və siyasi nüfuzunun yüksək olmasından xəbər verir. Şübhəsiz ki, bu kimi hallar beynəlxalq mətbuatın diqqətindən yayınmır. Cənab Prezidentin hərtərəfli, bütün sahələri əhatə edən fəaliyyəti hər zaman dünyanın diqqət mərkəzində olub.

- Aydın müəllim, qarşıdan gələn 2014-cü il Azərbaycana nə kimi uğurlar vəd edir?

- 2013-cü ildə olduğu kimi bu ilin də uğurlu olacağına əminəm. 2014-cü ildə bütün sahələrdə yeniliklərin olacağı şübhəsizdir. Qarşıdan gələn ildə biz daha böyük büdcəyə sahib olacağıq. Təbii ki, büdcənin artması da maaşların artmasına zəmin yaradacaq. Son günlərdə Dağlıq Qarabağ məsələsində danışıqların intensivləşdiyinin şahidi oluruq. Bu da məsələnin həllinin dönüş nöqtəsinə gəlməsini deməyə əsas verir.

Bütün xəbərlər Facebook səhifəmizdə