Sədaqət Vəliyeva: Regionların inkişafı ilə bağlı reallaşdırılmış proqramlar Azərbaycanın modern dövlət kimi inkişafını şərtləndirib

Sədaqət Vəliyeva: Regionların inkişafı ilə bağlı reallaşdırılmış proqramlar Azərbaycanın modern dövlət kimi inkişafını şərtləndirib

"Azərbaycanın kompleks şəkildə inkişafını təmin etmək üçün 2003-cü ildə Prezident seçiləm cənab İlham Əliyev regionların sosial-iqtisadi inkişafı ilə bağlı mühüm proqram imzaladı. Məhz, həmin proqram əsasında ölkəmizin bölgələrində canlanma başladı". Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva bildirib.

Deputat deyib ki, ölkə tarixinə sıçrayışlı inkişaf illəri kimi daxil olan I dövr ərzində 600 mindən çox yeni iş yerləri açıldı, "qaçqın şəhərcikləri" ləğv edildi, istehsal və emal müəssisələri yaradıldı və bütövlükdə kompleks tikinti-abadlıq işləri əsasən bölgələrdə aparıldı: "Odur ki, getdikcə, rayonların siması dəyişdi, nəqliyyat-kommunal infrastrukturu yeniləndi, əmək şəraiti yaxşılaşdırıldı və insanların maddi rifah halı yüksəldi".

Millət vəkili vurğulayıb ki, I regionların inkişafı ilə bağlı reallaşdırılmış dövlət proqramının uğurlu icrasından sonra qarşıda duran digər vəzifələri həyata keçirmək üçün 2009-cu ildə II dövlət proqramı qəbul edildi: "Bu dəfə artıq Azərbaycan bütün infrastruktur layihələrinə, yeni müəssisələrin yaradılmasına, iri turizm komplekslərinin inşasına özü sərmayə qoydu. Yüzlərlə məktəb, xəstəxana təmir və bərpa edildi, idman kompleksləri tikildi, yeni-yeni istehsal sahələri yaradıldı, kənd təsərrüfatı sahəsində intensiv inkişaf daha sürətləndirildi, aqrar bölmələrin yenilənməsi başladı, soyuducu anbarları tikildi və s. işlər gerçəkləşdirildi".

Sədaqət Vəliyeva əlavə edib ki, regionların inkişafı ilə bağlı reallaşdırılmış proqramlar Azərbaycanın modern dövlət kimi inkişafını şərtləndirib.

RUQİYYƏ

Bütün xəbərlər Facebook səhifəmizdə