"2013-cü il Azərbaycan mediası, bütövlükdə isə ölkəmiz və dövlətimiz üçün uğurlu olub. Düşünürəm ki, 2014-cü il həm respublikamız, həm də ev alan və almayan jurnalistlər üçün uğurlu olacaq". SİA-nın məlumatına görə, bunu Prezident Administrasiyasının (PA) İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) təşkilatçılığı ilə fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması münasibətilə keçirilən tədbirdə deyib.
Ə.Həsənov bildirib ki, 2013-cü ildə Azərbaycan dövlətinin inkişafı daha da güclənib: "Bu il ərzində jurnalistika da daxil olmaqla, bütövlükdə Azərbaycan dövləti və cəmiyyəti inkişaf edib. Cari ildə biz dünyanın kosmik dövlətləri sırasına qatıldıq. Həmçinin bu il Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu Azərbaycanın yeni neft strategiyasının davamı olaraq yeni maye qaz müqaviləsinə imza atdıq. Bununla da dünyanın enerji, təbii qaz xəritəsini dəyişdik".
PA rəsmisi qeyd edib ki, bu ilin ən mühüm hadisələrindən biri də ölkəmizdə keçirilən prezident seçkiləri olub: "Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev xalq qarşısında 10 illik fəaliyyətinin hesabatını verdi və xalqımız tərəfindən yekdilliklə üçüncü müddətə prezident seçildi. Bütün bunları qısa formada ümumiləşdirərək qeyd etmək olar ki, biz sözün həqiqi mənasında uğurlu bir ili yola salırıq, eyni zamanda ciddi müvəffəqiyyət və uğurlar vəd edən yeni bir ili qarşılamağa hazırlaşırıq".
Ə.Həsənov vurğulayıb ki, 2014-cü ildə Azərbaycanı mühüm hadisələr və sürətli inkişaf gözləyir: "Azərbaycan dövləti əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan sosial siyasət həyata keçirir. Həmin siyasətin tərkib hissəsini cəmiyyəti informasiya ilə təmin edən, milli-mənəvi dəyərlərimizin keşiyində duran media işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması da təşkil edir".
Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB