Müsavat Partiyasında Milli Şura qovğası qızışdı TƏHLİL

Müsavat Partiyasında Milli Şura qovğası qızışdı TƏHLİL

Müsavat Partiyasının Milli Şuranın təkibindən çıxma ehtimalları artmaqda davam edir. SİA-nın məlumatına görə, hazırda partiya daxilində bu istiqamətdə fikir haçalanmaları müşahidə olunur. Belə ki, Müsavat Partiyasının rəhbərlik strukturlarında fəaliyyət göstərən şəxslər partiyanın Milli Şurada qalmamasını tərcih edirlər.

Digər məlumata görə, başqan müşaviri Yeganə Hacıyevanın Müsavat sıralarından istefa verməsi də bu məsələlərlə bağlıdır. Eks-müsavatçının timsalında Milli Şurada qalmaq tərəfdarları ikitərəfli müttəfiqlik üçün başladılan görüşlərin Müsavatın Milli Şuradan çıxmasına hazırlıq olduğu qənaətindədirlər.

Eks-müsavatçı: "Sıravi üzvlərin əksəriyyəti Müsavatın Milli Şuradan çıxmasının əleyhinədirlər"

Belə ki, Y.Hacıyeva Milli Şurada qalıb-qalmamaqla bağlı təşkilatda ikili mövqenin yarandığını açıqlayıb: "Sıravi üzvlərin əksəriyyəti Müsavatın Milli Şuradan çıxmasının əleyhinədirlər. Həbsdə olan Tofiq Yaqublu, Yadigar Sadıqlı da Milli Şuradan getməyin əleyhinədirlər. Əgər bu baş verəcəksə, partiya daxilində və cəmiyyətdə xəyal qırıqlığı yaşanacaq. Partiyaya qarşı güvən krizi yaşanacaq".

Müsavat Məclisinin üzvü: "Yeganə xanımın fikirləri ilə razı deyiləm"

Lakin Y.Hacıyevanın bu kimi iddiaları Müsavat Partiyasının digər rəsmiləri tərəfindən inkar edilib. Müsavat Məclisinin üzvü, Yadigar Sadıqlının hüquqlarını müdafiə komitəsinin rəhbəri Elman Fəttah facebook səhifəsində Y.Hacıyevanın Y.Sadıqlı ilə bağlı dediklərini qəbul etməyib: "Yeganə xanımın fikirləri ilə razı deyiləm. Yadigar bəy Müsavatın Milli Şurada qalmağının tərəfdarlarıdır".

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə