"Azərbaycan 2013-2018: Yeni hədəflərə doğru" mövzusunda konfrans keçirilib YENİLƏNİB

"Azərbaycan 2013-2018: Yeni hədəflərə doğru" mövzusunda konfrans keçirilib YENİLƏNİB

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə "Azərbaycan 2013-2018: Yeni hədəflərə doğru" mövzusunda konfrans keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Azərbaycan Respublikasının Baş nazirinin birinci müavini Yaqub Eyyubov, Baş nazirin müavini, YAP-ın Sədr müavini-icra katibi Əli Əhmədov, rabitə və informasiya texnologiyalar naziri Əli Abbasov, maliyyə naziri Samir Şərifov, millət vəkilləri, ziyalılar və digər şəxslər iştirak edib.

YAP-ın Sədr müavini konfransı giriş nitqi ilə açaraq deyib ki, YAP növbəti 5 ildə Azərbaycanın inkişaf hədəfləri mövzusunda konfrans keçirir: "Ölkəmizin inkişafı, yüksəlişi son illərin qüdrətli inkişaf prespektivləri və reallıqları hesab edirəm ki, Azərbaycanın müasir tarixinin ən yadda qalan hadisələridir. Dünyanın bir çox xalqları öz tarixinin qızıl əsrini keçmişində axtarmağa çalışırlar. Bəziləri bunu tapır, bəziləri isə tapmır. Azərbaycanın çoxəsrlik tarixinin qızıl dövrü indiki günlərimizdə yaşanmaqdadır".

Əli Əhmədov qeyd edib ki, Azərbaycan vətəndaşları İlham Əliyevi dəstəkləməklə Ümummilli lider Heydər Əliyev yolunun uğurlarına öz münasibətlərini bildirmiş oldular, eyni zamanda, növbəti 5 ildə hər bir Azərbaycan vətəndaşını gözləyən nailiyyəti əsas tutaraq prezidentə dəstək oldular: "Bizim qarşımızda duran ən başlıca hədəf Azərbaycanın inkişafıdır. Azərbaycan vətəndaşına onun layiq olduğu həyatın təmin edilməsi də hədəflər sırasındadır. Ən mühüm hədəflərdən biri də həm regional, həm də beynəlxalq müstəvidə etibarlı gücün təmin edilməsindən ibarətdir. Bu hədəflərə çatmaq uğrunda biz şərəfli bir yolun başlanğıcındayıq. İnanıram ki, Azərbaycan İlham Əliyevin rəhbərliyi altında bundan sonra daha böyük uğurlara imza atacaq".

Daha sonra baş nazirin birinci müavini Yaqub Eyyubov bildirib ki, Prezident İlham Əliyev 10 il bundan əvvəl ilk dəfə dövlət başçısı seçiləndə bəyan etdi ki, "Mən Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün Ümummilli lider Heydər Əliyevin siyasətini davam etdirəcəm və Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacaq, heç vaxt bu yoldan dönməyəcəyəm". Məhz Prezidentin rəhbərliyi altında həyata keçirilən düşünülmüş və məqsədyönlü siyasətin nəticəsidir ki, bu gün müstəqil Azərbaycan Respublikası demokratik və bəşəri dəyərlərin bərqərar olduğu məkan, dünya birliyinin layiqli üzvü, layiqli inkişaf edən dayanıqlı iqtisadiyyata malik ölkədir".

Yaqub Eyyubov diqqətə çatdırıb ki, Ulu öndər Heydər Əliyevin müəllifi olduğu Azərbaycanın neft strategiyası bu gün nəinki regionun, hətta Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır: "Şahdəniz-2" layihəsi üzrə yekun investisiya qərarının imzalanması Azərbaycanı dünyanın böyük qaz təchizatçılarından birinə çevirəcək".

Maliyyə naziri Samir Şərifov son 10 il ərzində Azərbaycanın iqtisadiyyat sahəsində qazandığı roldan və dünyadakı nüfuzundan danışıb: "Azərbaycan xalqının sülh, əmin-amanlıq, sosial rifah şəraitində yaşaması Prezident İlham Əliyevin qarşıya qoyduğu strateji hədəflərin icrası nəticəsində mümkün olub. Ötən 10 ilin nəticələri göstərir ki, Prezident İlham Əliyev xalqımızı qələbələrə apara bilib. Ona görə də xalqımız Heydər Əliyevə və onun siyasətinin uğurlu davamçısı İlham Əliyevə dərin hörmət və ehtiram bəsləyir".

Nazir qeyd edib ki, Azərbaycan son 10 ildə xaricdən investisiya alan ölkədən xaricə investisiya yatıran, orbitə peyk çıxaran ölkəyə çevrilib: "Prezident İlham Əliyevin rəhbərliyi altında son 10 ildə ölkə iqtisadiyyatı 3,4 dəfə artıb. 10 il ərzində əməkhaqları 6,4, pensiyalar 8,6 dəfə artıb, yoxsulluq 50 faizdən 6 faizə enib. Ölkənin valyuta ehtiyatları isə 50 milyard dollara çatıb".

Tədbirdə çıxış edən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov informasiya və kommunikasiya texnologiyaları sahəsində əldə olunan uğurlardan və qarşıda duran hədəflərdən danışıb: "Azərbaycanda İKT-nin inkişafı bir çox beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir. Bir çox göstəricilər üzrə, o cümlədən internetdən istifadəyə görə Azərbaycan 70 faizlik göstərici ilə MDB və Orta Asiya ölkələri arasında birinci yerdə gəlir. Mobil sektorda da Azərbaycan irəlidədir. Ölkənin ərazisinin çox hissəsi mobil rabitə ilə əhatə olunub".

Konfransa bədii hissə ilə yekun vurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə