Rufiz Qonaqov: "QHT-lərin siyasiləşməsi prosesi qəti şəkildə yolverilməzdir"

Rufiz Qonaqov: "QHT-lərin siyasiləşməsi prosesi qəti şəkildə yolverilməzdir"

Beynəlxalq Münasibətlərin Araşdırmalar Mərkəzinin rəhbəri Rufiz Qonaqovun SƏS TV-yə müsahibəsi:

- Rufiz müəllim, beynəlxalq təşkilatların o cümlədən, buna misal olaraq "Freedom House"un mütəmadi olaraq Azərbaycan haqqında qərəzli hesabatlar verməsinin arxasında nə dayanır?

- Çox təəssüfləndirici haldır ki, Freedom House təşkilatı və bu kimi bir sıra təşkilatlar Azərbaycanla bağlı tez-tez qərəzli və reallığa əsaslanmayan məlumatlar yayırlar. Sözsüz ki, biz bu haqsızlığın qarşısında aciz qalmamışıq. Qeyri-hökumət təşkilatı olaraq bu absurd fikirlərə öz etirazımızı bildirmişik. Azərbaycanda artıq bu kimi təşkilatlar öz güvənini itirib. Çünki onların mütəmadi olaraq yalan informasiya verməsi, onların qeyri ciddi qurum olması təəssüratını yaradıb. Ölkəmizdə keçirilən son prezident seçkiləri bir daha dünya ictimaiyyətinə bəyan etdi ki, Azərbaycanda demokratik mühit mövcuddur. İlham Əliyev məhz, xalqın ona olan etimadının nəticəsində yenidən dövlət başçısı seçildi. Seçki prosesində heç bir saxtakarlığa rast gəlinmədi. Ölkəmizdə keçirilən şəffaf prezident seçkiləri beynəlxalq arenaya bir daha bəyan etdi ki, Azərbaycanda mətbuat azadlığı, söz azadlığı ən yüksək səviyyədədir.

- Rufiz müəllim, belə bir fikirlər də səslənir ki, sözügedən beynəlxalq təşkilatlar köhnə, arxivdə olan materialları yeniləyərək, yeni hesabat kimi təqdim edirlər. Bu fikrə münasibətiniz necədir?

- Sanki "Freedom House" təşkilatının və buna bənzər digər təşkilatların Azərbaycana qarşı hər hansısa intriqası var. Onlar qarşılarına məqsəd qoyublar ki, Azərbaycanla və o cümlədən, digər müsəlman ölkələri ilə bağlı mənfi fikir formalaşdıran informasiyalar yaysınlar. Onlar bu kimi yalan informasiyaları təqdim etməklə inkişafda olan müsəlman ölkələrinə qarşı ikili standartlarla çıxış edirlər. Buna sübut olaraq, bir fikir səsləndirmək istərdim. Gördüyünüz kimi, sözügedən təşkilatlar heç vaxt Ermənistanla bağlı mənfi fikir formalaşdıran informasiyalar vermirlər. Halbuki, Ermənistanın vəziyyəti olduqca acınacaqlıdır. Bu ölkənin parlamentində dəfələrlə millət vəkillərinin, hətta prezidentliyə namizədin belə güllələnməsi faktı mövcuddur. Lakin sözügedən təşkilatlar bu barədə heç bir informasiya səsləndirməyiblər. Çox sevindirici haldır ki, onların ölkəmiz barədə ifadə etdikləri yanlış informasiyalara nə dünya ictimaiyyəti, nə də ki xalq məhəl qoyur. Bununla da onlar öz mənfur niyyətlərinə çata bilmirlər.

- Sizcə, qeyri-hökumət təşkilatlarının siyasiləşməsi məqbuldurmu?

- Azərbaycanda sözsüz ki, bir sıra siyasi partiyalar var. Eyni zamanda, onlar haqqında qanunlar da mövcuddur. Məndə olan məlumata görə, Azərbaycanda 50-qədər siyasi partiya dövlət qeydiyyatından keçib. Onlar bütün seçkilərdə öz namizədləri ilə iştirak etmək hüququna malikdirlər. Azərbaycanda qeyri-hökumət təşkilatları ilə bağlı qanunda qeyd olunur ki, onların siyasi fəaliyyətlə məşğul olması qəti qadağandır. Məhz, bu baxımdan da, qeyri-hökumət təşkilatları vətəndaş cəmiyyətini təmsil edirlər. Onların qarşısında duran başlıca vəzifə vətəndaş cəmiyyətinin qarşısında duran problemlərlə məşğul olmaqdır. Əgər, kimsə siyasi fəaliyyətlə məşğul olmaq istəyirsə bunun üçün ölkədə müxtəlif bir sıra siyasi partiyalar var. Onlar bu kimi partiyalara müraciət edə bilərlər. Şəxsi fikrimi səsləndirərək bildirmək istəyirəm ki, QHT-lərin siyasiləşməsi prosesi qəti şəkildə yolverilməzdir.

- Seçkidən sonra Azərbaycandakı siyasi mühiti, "Milli Şura" da baş verən istefaları və onların irəli sürdükləri ittihamları necə dəyərləndirirsiniz?

- Əlbəttə ki, biz seçkilərdən öncə bir neçə dəfə hesabatlar yaymışdıq. Həmin hesabatlarda seçkidən öncə də bildirmişdik ki, onların özlərinin də qəbul etdiyi kimi qələbə çalmaları qeyri-mümkün məsələdir. Müxalifət düşərgəsində mövcud olan gərginlikdən və onların bir-birinə qarşı irəli sürdükləri ittihamlardan da aydın olurdu ki, onların seçkilərdə iştirak etmələri heç də qələbə çalmağa yönəlməyib. Onlar seçkilərdə iştirak etməkdə tamam başqa məqsədlər güdərək, Azərbaycanın beynəlxalq arenada mövcud olan yüksək nüfuzuna xələl gətirmək istəyirdilər. Bildiyimiz kimi, iqtidar müxalifətə öz sözünü deməyə geniş imkanlar yaratdı. Onların "vahid namizədləri" Cəmil Həsənli dəfələrlə mitinq təşkil etdi. Lakin gördüyünüz kimi, onları dəstəkləmək üçün oraya olduqca az insan toplaşmışdı. Biz bunu mitinq deyil, kiçik həcmli piket adlandıra bilərik. Bununla da, onlar özlərinin xalq arasında hansı nüfuza malik olduqlarını təsdiqləmiş oldular.

- Onların xaricdən maliyyələşməsinə əsasən deyə bilərikmi ki, seçkilərə qatılmaqla anti-milli qüvvələrin sifarişi ilə Azərbaycanın milli mənafeyinə qarşı yönəlmiş planları həyata keçirmək istəyirdilər?

- Biz bununla bağlı siyasi partiyaların resurslarının öyrənilməsinin monitorinqini keçirdik. Biz Yeni Azərbaycan Partiyası haqqında asanlıqla geniş məlumata sahib ola bildik. Çünki bu partiya tamamı ilə həqiqətə söykənərək, öz resursları haqqında saytlarında və internet səhifələrində geniş məlumat vermişdi. Çox təəssüflər olsun ki, biz həmin halı hər zaman ağız dolusu demokratiyadan danışan müxalifət partiyalarında müşahidə edə bilmədik. Onlar öz resursları haqqında heç bir dəqiq informasiya verməmişdilər. Onların rəhbərlikləri bu barədə informasiya verməkdən qəti şəkildə imtina etdilər. Buna səbəb isə onların qeyri-şəffaf fəaliyyət göstərməsi idi. Bu da onu deməyə əsas verir ki, onların siyasi fəaliyyətində qaranlıq məqamlar mövcuddur.

- Sonuncu sualımızı ünvanlamaq istərdik. Bildiyiniz kimi, 2014- cü ilin əvvəllərində Ermənistan prezidenti ilə Azərbaycan prezidentinin görüşməsi nəzərdə tutulur. Sizcə, bu görüş əvvəlkilərdən fərqlənəcəkmi?

- Mənim rəhbərlik etdiyim mərkəzin apardığı araşdırmalara əsaslanaraq demək istəyirəm ki, Dağlıq Qarabağ məsələsinin həll olunma məqamı artıq yetişib. Bu tam şəkildə özünü büruzə vermir. Lakin elə bir məqam yetişib ki, ATƏT-in Minsk qrupu və digərləri də başa düşür ki, Azərbaycanın işğal olunmuş ərazilərini uzun müddət düşmən tapdağında saxlamaq niyyəti yoxdur. Onlar anlayırlar ki, Azərbaycanın torpaqlarını geri qaytarmaq üçün kifayət qədər gücü var. Biz hesab edirik ki, Fransa ATƏT-in həmsədrliyindən kənarlaşdırılmalıdır. Bu Avropa birliyi ilə əvəz edilməlidir. Eyni zamanda, Türkiyənin Minsk qrupuna cəlb edilməsi olduqca zəruridir. Bizə yaxşı aydındır ki, Ermənistan hər zaman Rusiyaya arxalanıb. Lakin Rusiya da anlamlıdır ki, bir dövlətin torpaqlarını uzun müddət işğal altında saxlamaq tamamı ilə yanlışdır.

Bütün xəbərlər Facebook səhifəmizdə