"Şahdəniz”lə Dağlıq Qarabağ məsələsinin həllində dönüş yarada bilərik” AÇIQLAMA

"Şahdəniz" layihəsinin ikinci mərhələsi üzrə yekun investisiya sazişinin imzalanması ilə Azərbaycan Avropanın enerji məkanını təminetmə baxımından prioritet bir mövqeyə keçdi". Bu sözləri SİA-ya millət vəkili Fazil Mustafa "Şahdəniz- 2" layihəsinin ölkəmiz üçün əhəmiyyətindən danışarkən deyib.

Onun sözlərinə görə, Azərbaycan bu layihə ilə Avropada əvəzolunmaz rola çevrilib: "Layihə ilə ölkəmizin iqtisadi, siyasi gücü daha da güclənəcək. "Şahdəniz 2" Avropadan ölkəmizə qarşı atılacaq hər hansı bir addımların qabaqlanması baxımından stimullaşdırıcı layihədir. Azərbaycan bu layihə ilə Avropda cəlb edici bir ölkəyə çevrildi. Hər kəsin diqqəti ölkəmizin üzərindədir. Layihənin mənfəəti həm Avropa, həm də Azərbaycan üçün yüksək olacaq. Bu layihə ölkəmizin Avropa inteqrasiyasında mühüm əhəmiyyətə malik olacaq. Layihənin reallaşması ölkəmiz üçün böyük uğurdur. "Əsrin Müqaviləsi"ndən sonra "Şahdəniz 2" layihəsi Azərbaycanın ikinci böyük həmləsidir. Bu həmlədən düzgün istifadə etməklə Dağlıq Qarabağ məsələsinin gedişinə və onun həlli istiqamətində müəyən dərəcədə dönüş yaratmaq fürsəti əldə edə bilərik".

Bütün xəbərlər Facebook səhifəmizdə