“Silahlı Qüvvələrimizə, ordu rəhbərliyinə qarşı inamsızlıq yaratmaq cəhdləri yolverilməzdir” Müsahibə
XX əsrdə xalqımızın qazandığı ən böyük nailliyyətlərdən biri də müstəqil Azərbaycan Ordusudur. Çətin və şərəfli yol keçən Azərbaycan Silahlı Qüvvələri bu gün artıq Cənubi Qafqazın ən güclü ordusuna çevrilib. Yola saldığımız 2013-cü il də ordumuzun tarixində mühüm hadisələrlə yadda qaldı. SİA Silahlı Qüvvələrə İctimai Nəzarət Birliyinin sədri Emin Həsənlinin müsahibəsini təqdim edir:
- 2013-cü ildə Azərbaycan Ordusunda baş verən hadisələri necə dəyərləndirirsiniz?
- Azərbaycan ordusu son 20 ildə inkişaf yolu keçərək bəlli nöqtəyə çatıb. Təbii ki, Azərbaycanda bütün qoşun növlərinin inkişafı, güclənməsi heç də asan olmayıb. Müharibə şəraitində olan bir ölkə üçün öz ordusunu yaratmaq, onu inkişaf etdirmək olduqca çətindir. Amma biz bunu bacardıq. 20 il ərzində görülən işlər, verilən qərarlar, xarici ölkələrlə yaradılan çoxşaxəli münasibətlər və əlbəttə ki, hərbçilərimizin peşəkarlığı Azərbaycan Ordusunun regionun ən güclü ordusuna çevrilməsi ilə nəticələndi. Ordumuzun inkişafı prosesi indi də davam edir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamı ilə müdafiə naziri təyin olunan general-polkovnik Zakir Həsənovun ordunun inkişafı yolunda atdığı addımlar təqdirəlayidir. Düzdür, iki ay zaman kəsiyi baxımından çox az müddətdir. Amma müşahidə etsək görərik ki, bu qısa müddətdə ordumuz üçün mühüm əhəmiyyəti işlər görülüb. Yeni müdafiə nazirinin ilk işi hərbi hissələrə getmək, şəxsi heyətlə tanış olub problemləri ilə maraqlanmaq, cəbhə bölgələrində görüşlər keçirmək oldu. Bu orduya olan diqqət və qayğının davamlı olacağının sübutudur. Problemlərin yerində müzakirə edilməsi, ordunun qışa hazırlığı məsələsi, müasir təchizatla təmin edilməsi, hərbi hissələrdə müasir əsgər yataqxanalarının tikintisinin davam etdirilməsi, hərbi hissələrin təmiri, əsgər və zabitlərin mənəvi-psixoloji vəziyyəti, onların döyüş hazırlığının daha da yüksəldilməsi, maddi-texniki problemlərinin həlli istiqamətində xeyli işlər görülüb. Azərbaycan Ordusunun beynəlxalq əlaqələrinin gücləndirilməsi, inkişaf etdirilməsi də qarşıda duran vacib məsələlərdəndir. Azərbaycan müdafiə nazirinin bu yaxınlarda gerçəkləşən səfərləri bu əlaqələrin inkişafını daha da yüksəldəcək. Əminəm ki, bu gələcəkdə də daha intensiv xarakter alacaq. Biz bu dəyişikliyin gələcəkdə faydasını görəcəyik.
- Bu gün Azərbaycan Ordusundakı aktual məsələlər hansılardır?
- Ordunun NATO standartlarına uyğunlaşması, müasir standatlar əsasında inkişafı, müasir hərbi texnika ilə təchiz olunması, hərbçilərin sosial problemlərinin həlli, mənəvi-psixoloji vəziyyətin yüksəldilməsi hər zaman diqqət mərkəzində saxlanılır. Bu istiqamətdə mühüm tədbirlər həyata keçirilib və bu, davam edir. Xüsusilə bir məqamı qeyd etmək istərdim. Məlumdur ki, dünyanın bir çox ölkələrində sosial-məişətlə bağlı olan işlərin həyata keçirilməsi hərbçilərə deyil, mülki insanlara tapşırılır. Bu, ordumuzdakı əsas problemlərdən biridir. Lakin bunun həlli istiqamətində xeyli iş görülüb. Hesab edirəm ki, mülki insanların bu işlərə cəlb olunması hərbi döyüş hazırlığının, peşəkarlığın daha da artırılmasına gətirib çıxaracaq. Hədəfimiz dünyanın ən güclü, peşəkar, nüfuzlu ordularından biri olmaqdır.
- Ordu və cəmiyyət münasibətləri, mətbuatın orduya yanaşması hansı səviyyədədir?
- Ordu və cəmiyyət münasibətləri hər zaman müzakirə olunan məsələlərdəndir. Hər bir Azərbaycan vətəndaşı gördüyü işlərlə vətənə xidmət etməlidir. Xüsusilə, orduda baş verən hadisələrə münasibət bildirərkən daha həssas, daha diqqətli olmalıyıq. Bu işdə mətbuatın üzərinə böyük məsuliyyət düşür. Ordu-mətbuat əlaqələrinin yüksələn xətlə inkişafı mütləqdir. Çünki XXI əsr informasiya əsridir. Azərbaycan elə bir regionda, coğrafi məkanda yerləşir ki, hər zaman güclü dövlətlərin diqqət mərkəzində olub. Nəzərə alsaq ki, ordu hər bir dövlətin ən dayaq sütunudur, o zaman onun təbliğinin, nüfuzunun gözdən düşməməsinin də nə dərəcədə əhəmiyyətli olmasını unutmamalıyıq. Bu məsələlərə həm KİV, həm QHT-lər, həm də digər qurumlar həssas yanaşmalıdır.
Təəssüflər olsun ki, ordu haqqında məlumatlar bəzi mətbuat orqanları tərəfindən təhrif olunur, ordunu nüfuzdan salmağa hesablanmış informasiyalar, yazılar dərc olunur. Məlumdur ki, Azərbaycanda bir qrup insan orduya qarşı gözdənsalma kampaniyası aparmağa çalışırlar. Azərbaycan Silahlı Qüvvələrinə, ordu rəhbərliyinə qarşı inamsızlıq yaratmağa cəhd göstərənlər var. Bu, yolverilməzdir. Xüsusilə, çağırış ərəfəsində bu kimi hallarla tez-tez rastlaşırıq. Bu da gənclərin mənəvi-psixoloji hazırlığına, ordu-cəmiyyət münasibətlərinə təsir edir. Düzdür, ordumuza qarşı haqsız ittihamlara ən böyük cavab Silahlı Qüvvələrimizin gündən-günə gücləndirilməsilə verilir. Ona görə də qərəzli tənqidlərin mənfi təsiri böyük ölçüdə deyil, amma bunun heç olmaması daha yaxşı olardı. Ordunun hazırlığı, gənclərin hərb sənətinə, orduya axını ərəfəsində bu qaralama kampaniyasına başlamaq yolverilməzdir. Hər zaman qeyd etdiyim bir fikir var: "Ordu nə iqtidarın, nə də müxalifətindir. Ordu xalqındır". Dövlət atributlarından ən birincisi olan ordumuzun nüfuzdan salınması, insanlara yanlış informasiyaların ötürülməsi nə dərəcədə düzgündür? Bu insanlar belə etməklə nə əldə edəcəklər? Peşəsi vətəni müdafiə etməkdən ibarət olan, ən ağır şəraitdə xidmət edən zabitlərimiz, hərbçilərimiz var. Bu kimi informasiyalar onların heysiyyətinə toxuna, onları ruhdan sala bilər.
Onu da qeyd edim ki, son iki ayda Azərbaycan Müdafiə Nazirliyində baş verən kadr dəyişikliklərinə mətbuatın münasibətini heç də normal hesab etmirəm. Orduda bəzi yaş həddini keçmiş zabitlərin istefaya göndərilməsi, bəzi zabitlərin xidmət yerlərinin dəyişdirilməsi kimi halların olması təbiidir. Bütün bu dəyişikliklər hərbi nizamnaməyə uyğun, qanunun müvafiq bəndlərinə əsasən aparılır. Özünü ekspert, hərbi təhlilçi adlandıran, hərb sahəsi ilə bağlı yazı yazan insanlar bu mövzuda xüsusilə diqqətli olmalıdır. Hər fikri vicdan senzurasından keçirdikdən sonra cəmiyyətə təqdim etmək lazımdır. Əlbəttə ki, biz demokratik ölkədə yaşayırıq və ordu ilə bağlı məsələlər tənqid edilə bilər. Amma məsələlərə qərəzli yanaşmaq olmaz. Ən ağır hava şəraitində, 2000 m yüksəklikdə xidmət aparan zabit və ya hərbi qulluqçu ömrününün gənclik illərini, ən əhəmiyyətli hisəsini vətənin müdafiəsinə həsr edir. Onlara diqqət və qayğı göstərmək təkcə dövlətin deyil, həm də cəmiyyətin, mətbuatın üzərinə düşür. Çünki onlar xidmətlərini bütünlükdə Azərbaycan üçün aparır, vətən üçün yaşayır. Odur ki, ordu məsələsini gündəmdə saxlayan zaman ona müsbət məqamlarla yanaşmaq lazımdır. Özümüzə, ailəmizə necə yanaşırıqsa, dövlətə, bayrağa, orduya da yanaşma tərzi eyni olmalıdır.
Təbii ki, bütün fəaliyyət sahələrində olduğu kimi orduda da qüsurlar və çatışmazlıqlar olur. Bundan qaçmaq mümkün deyil. Mülki həyatda qəza və ya cinayət hadisəsi olduğu kimi hərbidə də bu hallar baş verəcək. Amma bunu təhlil edərkən, dünya ilə müqayisə aparan zaman bu kimi halların Azərbaycan Ordusunda daha az baş verdiyini görərik. Belə halla rastlaşan zaman konkret cinayət işi açılır, ictimaiyyət məlumatlandırılır, ölçülər götürülür. Heç bir zabit istəməz ki, tabeçiliyində olan əsgərə nəsə olsun. Amma bəziləri belə fikir yaradır ki, guya Azərbaycanda əsgərlərə münasibət mənfidir. Bu, olduqca qorxulu tendensiyadır. 3-5 nəfərin səhvini bütün orduya yönəltmək, ordunu hədəfə almaq doğru yanaşma deyil. Dünyanın ən müasir peşəkar ordusunda belə ölüm hadisələri olur. Xüsusilə, bizim müharibə şəraitində yaşadığımızı, böyük sərhəddimizin Ermənistanla olmasını nəzərə alsaq, məsələnin əhəmiyyətini anlayarıq. Mətbuat, QHT-lər bütünlükdə nöqsanları tənqid etməli, ictimai nəzarəti həyata keçirməlidir. Silahlı Qüvvələr rəhbərliyi də bu işdə hər zaman maraqlı olub. Orduya ictiami nəzarətin həyata keçirilməsi məsələsinə daha həssas yanaşılmalıdır. Çünki yanlış deyilən hər bir söz cəmiyyətdə çaşqınlıq yarada bilər. Ordunu təbliğ etmək qürur və şərəf məsələsidir.
- Gənclərin hərbi sahəyə marağını, hazırlığını qənaətbəxş hesab edirsinizmi?
- Müşahidələrimə əsaslanaraq deyə bilərəm ki, son illər gənclərimizin hərb sahəsinə olan marağı olduqca artıb. Artıq gənclərimiz hərb peşəsinin necə şərəfli, məsuliyyətli olduğunu dərk edir, həyatlarını hərbə bağlayır. Torpaqlarının 20 faizi işğal altında olan bir xalq üçün bu, sevindirici haldır. Dövlət tərəfindən də hərbi-vətənpərvərlik mözusunda bir çox layihələr həyata keçirilməsi bu seçimdə mühüm rol oynayır. Ümumiyyətlə, bü gün hər bir gəncin əsas fəaliyyət istiqaməti Dağlıq Qarabağ probleminin həllinə yönəlməlidir. Bunun üçün ilk növbədə, ölkəmizin bütün gəncləri arasında hərbi-vətənpərvərlik ruhunun artırılması hər birimizin əsas vəzifəsi olmalıdır. Unutmaq olmaz ki, Azərbaycanın güclü olması güclü ordusundan və insanlarının vətənpərvərliyindən asılıdır.
Günümüzün ən aktual problemlərindən biri də gənclərin çağırışaqədərki hazırlığı məsələsidir. Bu istiqmətdə artıq lazımı işlər görülməyə başlayıb. Hesab edirəm ki, bu proses ordumuzun inkişafına öz töhvəsini verəcək. Çünki gənclərimizin çağırışa qədərki hazırlığı yüksək olamlıdır ki, o, hərbi xidmət zamanı çətinlik çəkməsin, vəziyyətə daha tez uyğunlaşa bilsin. Bu işin aparılmasında dövlətin aidiyyatı qurumları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, eyni zamanda QHT-lər və mətbuat əlaqəli, koordinasiyalı fəaliyyət göstərməlidir.
- Hərbi qulluqçuların mənəvi-psixoloji vəziyyətinin, sosial təminatının yaxşılaşdırılması istiqamətində görülən işlər barədə nə deyərdiniz?
- Belə bir deyim var ki, zabit ölkənin ikiqat vətəndaşıdır. Buna görə də bu insanlar xüsusi diqqət və qayğı ilə əhatə olunmalıdır. Bu gün Azərbaycanın savadlı, peşəkar zabit kadrları var. Bunların arasında yalnız Azərbaycanda deyil, dünyanın nüfuzlu hərbi məktəblərində təhsil alanlar da var. Sevindirici haldır ki, dövlətimiz bu kateqoriyadan olan insanları diqqətdən kənarda saxlamır. Onların qayğı və problemlərinin həlli istiqamətində mühüm addımlar atılır. 2011-ci il dekabrın 28-də Prezident İlham Əliyevin bu barədə müvafiq sərəncamı oldu. Sərəncamda 20 ildən çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların - zabitlərin, gizirlərin və müddətdən artıq xidmət etmiş hərbi qulluqçuların mənzillə təmin edilməsi vurğulandı. Artıq bu proses sürətlə davam edir. Xüsusilə bölgələrdə zabitlərimizin mənzil probleminin həll olunması əsas məqamdır. Bu proses gələcəkdə də davam edəcək. Eyni zamanda ordunun mənəvi-psixoloji durumu, döyüş hazırlığının artırılması da əsas məqsədlərdəndir. Azərbaycanın keçirdiyi hərbi təlimlər Silahlı Qüvvələrin döyüş hazırlığının yüksək olduğunu deməyə əsas verir. Silahlı Qüvvələrdə xidmət edən zabitlərin mənəvi-psixoloji hazırlığı da yüksək səviyədə aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB