Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi (BMAM) ictimai birliyinin 12-ci illik ümumi hesabat yığıncağı keçirilib. SİA-nın məlumatına görə, tədbirdə çıxış edən BMAM-ın sədri Rufiz Qonaqov mərkəzin illik fəaliyyəti barədə danışıb və təşkilatın ölkədə və beynəlxalq aləmdə baş verən bir sıra ictimai-siyasi məsələlərlə bağlı mövqeyini açıqlayıb: "Təşkilat olaraq hesab edirik ki, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üçün tarixi məqam yetişib və müəyyən irəliləyişlər var. Münaqişənin həlli üzrə ATƏT-in Minsk qrupunun tərkibində dəyişikliklər edilməlidir. Fransanın həmsədrliyi Avropa Birliyinin həmsədrliyi ilə əvəz edilməli və AB üzvü dövlətlərin xüsusi nümayəndəsi danışıqlara qatılmalıdır. Bununla yanaşı, bu tərkibə Türkiyə də cəlb edilməlidir".
R.Qonaqov Azərbaycanda keçirilən prezident seçkilərində təşkilatın apardığı layihələrə diqqət çəkərək bildirib ki, seçkilər ölkədə sabitliyin olduğunu, siyasi mədəniyyətin formalaşdığını və ölkənin islahatlara meylli olduğunu üzə çıxardı.
BMAM sədri qeyd edib ki, bu gün vətəndaş cəmiyyəti də ciddi inkişaf mərhələsinə qədəm qoyub: "Artıq beynəlxalq aləmdə də uğurlu layihələr Azərbaycan tərəfindən maliyyələşdirilir və Azərbaycan həqiqətləri dünyaya çatdırılır".
BMAM sədri mərkəzin qarşıda duran vəzifələri barədə də danışaraq bildirib ki, mərkəzin missiyası inkişaf etməkdə olan dünyada, xüsusən də Azərbaycanda və regionda geopolitik durumu qiymətləndirmək, region üçün əhəmiyyətli olan beynəlxalq münasibətlər konteksində araşdırmalar aparmaq, ictimai müzakirələr təşkil etməkdir.
Millət vəkili Qənirə Paşayeva isə çıxışında deyib ki, Avrasiya İnstitutu Beynəlxalq Araşdırmalar Mərkəzi BMAM-lə əməkdaşlıq edir: "Bu gün dünya virtuallaşır. Buna görə də gənclərimiz sosial şəbəkələrdə də çox aktiv olmalıdırlar. Bununla yanaşı, bütün gəncləri qeyri-hökumət təşkilatlarının işində aktiv iştirak etməyə çağırıram. Ölkəmizdə QHT-lər daha da güclənir və onların hər bir layihələri cəmiyyətə əsaslı dərəcədə təsir göstərir, ölkəmizin tanıdılması, dövlətçiliyin qorunması istiqamətində uğurlu fəaliyyət göstərir. Hesab edirik ki, görülən işlər ölkəmiz və vətənimiz üçün çox əhəmiyyətlidir".
BMAM-in ekperti Rəfail Becanov isə bildirib ki, 2014-cü il bələdiyyə seçkilərində vətəndaş cəmiyyəti institutunun nümayəndələrinin təmsil olunması əsas prioritetlərdən biri olmalıdır: "Milli mətbuat, QHT-lər bu sektorun əsas istiqamətlərindən biri olmaqla cəmiyyətin inkişafına öz töhfəsini verir. Söz və mətbuat azadlığı, informasiya təminatı, əhalinin maarifləndirilməsi, insan hüquqlarının müdafiəsi baxımından həyata keçirilən sistemli fəaliyyəti nəticəsində Azərbaycan Avropa dövlətləri ilə bir sırada dayanır. Bu gün vətəndaş cəmiyyəti institutlarının ictimai siyasətdə öz yeri var. Xeyli sayda işlər görülüb, onlarla layihələr həyata keçirilib. Bundan sonra da fəaliyyətimizi genişləndirməli və dövlət quruculuğunda öz sözümüzü deməliyik. Bu gün dövlət quruculuğunda QHT nümayəndələrinin iştirakı mühüm vəzifələrdən biridir".
Sonda mərkəzin hesabatı yığıncaq iştirakçıları tərəfindən qənaətbəxş hesab edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB