“The Christian Science Monitor”: Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir
ABŞ-da çıxan "The Christian Science Monitor" qəzetində ABŞ-ın BMT-dəki keçmiş nümayəndəsi, milli təhlükəsizlik üzrə müşavirinin müavini, professor Nensi Soderberqin "ABŞ-ın və onun müttəfiqlərinin maraqları üçün həyati əhəmiyyətli vəsilə kimi Azərbaycanı daha çox dəstəkləmək lazımdır" sərlövhəli məqalə dərc olunub. Amerika siyasətçisi ABŞ Administrasiyasına müraciət edərək, onu Azərbaycanda əsas məsələlərin həllində - enerji bazasının inkişafında, o cümlədən Avropaya qaz kəməri layihəsinin reallaşdırılmasında, demokratik islahatların həyata keçirilməsində və Ermənistan ilə münaqişənin həllində fəallıq göstərməyə çağırır.
N.Soderberq yazır ki, ötən əsrin 90-cı illərindən başlayaraq ABŞ-ın əsas məqsədi Avropaya qaz nəqlinin şaxələndirilməsinə dair layihələri inkişaf etdirmək olun və bu gün həmin layihə Cənub qaz dəhlizi vasitəsilə həyata keçirilir. Bu qaz kəməri Xəzər regionundan Avropaya qaz nəqlini təmin edəcək. N.Soderberq qeyd edir ki, Əfqanıstanda Amerika qoşunlarına maddi-texniki dəstək göstərən, o cümlədən uçuşlara şərait yaradan Azərbaycan ABŞ-ın etibarlı müttəfiqidir. Azərbaycan İsrailin idxal etdiyi neftin 40 faizini təmin edir.
Cənubi Qafqaz regionunda sabitliyə təhlükə olan Dağlıq Qarabağ münaqişəsinə də toxunan N.Soderberq yazır ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir və bu mövqeyi Birləşmiş Millətlər Təşkilatı (BMT) dəstəkləyir. ABŞ-ın tərəfləri sülhə gətirə biləcəyini vurğulayan N.Soderberq yazır: "Problemin həlli nə qədər uzansa, region və ABŞ-ın maraqları üçün risk bir o qədər çoxdur".
N.Soderberq sonda ABŞ-ı Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında və regionda sülhün bərqərar edilməsində daha fəal olmağa çağırır.
1997-2001-ci illərdə ABŞ-ı BMT-də təmsil edən Nensi Soderberq 1993-1997-ci illərdə Prezident Bill Klintonun administrasiyası dövründə Ağ Evdə milli müşavirin müavini olub. O, nüfuzlu diplomat və Beynəlxalq Münasibətlər üzrə Şuranın üzvüdür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB