Bakıda Dədə Qorqud parkının açılış mərasimi olub. SİA-nın məlumatına görə, açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib. Geniş tikinti və abadlıq işləri nəticəsində Bakının Nərimanov rayonunda 6 hektar ərazidə Dədə Qorqud parkı salınıb.. Parkın mərkəzində "Kitabi-Dədə Qorqud" abidəsi ucaldılıb. Abidənin müəllifi Əməkdar Rəssam, heykəltəraş Görüş Babayevdir.
Dövlətimizin başçısı əvvəlcə Azərbaycanın elm, təhsil və mədəniyyət ictimaiyyətinin tanınmış nümayəndələri ilə görüşüb.
Prezident İlham Əliyev mərasimdə çıxış edib.
Sonra Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anar, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Kamal Abdullayev və Xalq Rəssamı Görüş Babayev çıxış edərək dövlətimizin başçısına minnətdarlıqlarını çatdırıblar.
Azərbaycan Prezidenti abidənin üzərindəki örtüyü götürdü.
Sonra xatirə şəkli çəkdirilib.
Daha sonra dövlətimizin başçısı və tədbir iştirakçıları parkda yaradılmış şəraitlə tanış olublar.
Parkın 6 hektarlıq ərazisinin yarısında göl yaradılıb. Bu nadir gölün inşasında ən son yeniliklərdən istifadə edilib. Quraşdırılan texnologiyaların müasirliyinə və mürəkkəbliyinə görə belə bir göl ilk dəfə Azərbaycanda istifadəyə verilir. Parkda müasir şəlalə yaradılmış, gəzinti üçün körpülər inşa edilib.
Dövlətimizin başçısı parkda yaradılmış şəraitdən razılığını bildirib.
Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyev 2000-ci ilin aprelində parkın yerləşdiyi bu ərazidə "Dədə Qorqud heykəli və Dədə Qorqud dünyası" tarixi-etnoqrafik kompleksinin yaradılması haqqında" Fərman imzalayıb. Prezident İlham Əliyevin "Azərbaycan Respublikasındakı monumental heykəltəraşlıq abidələri, xatirə-memorial və memarlıq kompleksləri haqqında" 2007-ci il 2 aprel tarixli Sərəncamı ilə Nazirlər Kabinetinə həmin Fərmanın icrasını təmin etmək üçün müvafiq tədbirlər görmək tapşırılıb..
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB