Millət vəkili: “Bu gün proseslərin gedişinə arifmetik yanaşma düzgün deyil”

Millət vəkili: “Bu gün proseslərin gedişinə arifmetik yanaşma düzgün deyil”

"Bu gün proseslərin gedişinə arifmetik yanaşma düzgün deyil". Bu sözləri SİA-ya Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun Ermənistana səfəri çərçivəsində Dağlıq Qarabağ haqqında danışıqlara münasibət bildirərkən millət vəkili Asim Mollazadə bildirib.

Onun sözlərinə görə, 2, 3, 5, 7, rayondan danışılması ümumiyyətlə düzgün deyil: "Proses başlanmalıdır və sülh istiqamətində səmimi addım atmaq istəyi olmalıdır. Ermənistan bunu əldə etmək istəmir və bunun alınması üçün hansısa bir arifmetik üsullarla bu cür proseslərdə irəliləyiş mümkün olmayacaq".

Asim Mollazadənin fikrincə, əslində, beynəlxalq ictimaiyyətdə bu cür anlaşma ilə elə fikir formalaşır ki, guya Ermənistan problemin həll olunmasında maraqlıdır və sadəcə rəsmi İrəvanın riyaziyyatla bağlı problemlərinin olması ona mane olur: "Lakin biz beynəlxalq ictimaiyyətin nəzərinə çatdırmalıyıq ki, prinsiplər hazırlanıb modellər düşünüləndən sonra Ermənistan bunu rədd edir. Buna görə də beynəlxalq ictimaiyyət anlamalıdır ki, Ermənistan münaqişənin həlli istiqamətində heç bir addım atmaq niyyətində deyil və beynəlxalq hüquq normalarını kobud sürətdə pozur. Ona görə də, bu gün Ermənistana hər hansısa sərt mövqe nümayiş olunmalıdır. Çox təəssüf olsun ki, bu mövqe olmadığına görə də Ermənistan öz qeyri-səmimi siyasətini davam etdirir. Bunu Davudoğlunun Ermənistana etdiyi səfərində və ermənilərin ona qarşı sərgilədikləri mövqelərində də aydın şəkildə gördük".

Ülkər MUSAZADƏ

Bütün xəbərlər Facebook səhifəmizdə