Vitse-spiker: “Azərbaycanda heç bir sosial partlayış və gərginlik gözlənilmir”

Vitse-spiker: “Azərbaycanda heç bir sosial partlayış və gərginlik gözlənilmir”

"Əminliklə söyləyə bilərəm ki, hökumət nə etməli olduğunu çox gözəl bilir və zaman-zaman da bunu sübut edib. Bizi qiymət artımı ərəfəsində və yaxud da, bundan sonra hər hansı sosial partlayış və gərginliyin olacağı ilə bağlı qorxutmağa, ictimaiyyəti bir növ çaşdırmağa çalışıblar. Bunlar da heç zaman öz təsdiqini tapmayıb". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin sədr müavini Bahar Muradova Azərbaycanda yanacağın qiymətinin artmasının sosial partlayışa səbəb olacağı barədə səslənən fikirlərə münasibət bildirirkən deyib.

Onun sözlərinə görə, Azərbaycan sürətli və dinamik inkişaf edən ölkədir və Azərbaycan iqtisadiyyatı bu gün dünya iqtisadiyyatının tərkib hissəsidir: "Bu baxımdan dünyada gedən proseslərdən kənarda qalmaq lazım deyil və onun tendensiyasını nəzərə almaq vacibdir. Biz qapalı deyil, açıq dövlətik".

B. Muradova qeyd edib ki, istər qiymət artımı, istərsə də qiymət artımından sonra yarana biləcək proseslərin qarşısının alınması, yəni ehtiyacı olan təbəqənin maraqlarının nəzərə alınması ilə bağlı Azərbaycan hökuməti mütərəqqi addımlarını atıb: "Mən hökumətimizə inanıram və hər bir Azərbaycan vətəndaşına bu inamı təlqin edərək demək istəyirəm ki, heç nədən narahat olmayın. Bizi heç bir sosial partlayış, gərginlik gözləmir. Azərbaycan hökuməti ehtiyacı olan təbəqələrin problemlərinin həlli üçün çox ciddi addımlar atacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə