Zahid Oruc: “Hərbi xidmətə çağırış üzrə yuxarı yaş həddi artırılmayacaq”
"Azərbaycanda hərbi xidmətə çağırışın yuxarı yaş həddinin 40 yaşa çatdırılacağı barədə yayılan xəbərlər həqiqətə uyğun deyil". SİA-ya açıqlamasında Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc belə deyib.
Onun sözlərinə görə, hərbi xidmətə çağırış üzrə yuxarı yaş həddinin 40 və yaxud 50-yə qaldırılmasının heç bir mənası yoxdur: "Belə ki, Silahlı Qüvvələrdə, o cümlədən, hərbi qanunvericilikdə bununla bağlı hər hansı dəyişikliyin edilməsi məsələsi qətiyyən gündəmdə deyil və hazırda Milli Məclisdə müzakirə edilmir. Çünki, Azərbaycan dövlətinin indiki halda belə bir addımı atmağa heç bir ehtiyacı yoxdur. Azərbaycanda çağırışçı sayı kifayət qədərdir. Orta məktəbdə 1-ci sinifə gedən oğlan uşaqlarının sayı nəzərə alınsa 10 ildən sonra orduya gedəcək çağırışçıların təxmini sayını söyləmək olar. Çağırışçıların sayı ilə hər hansı bir ajiotajın yaşanmadığı halda çağırışçıların yaş həddinin artırılmasına ehtiyac yoxdur. Buna daha çox Ermənistanın ehtiyacı var, çünki Azərbaycandan fərqli olaraq Ermənistan tükənən resurslara malikdir".
Zahid Oruc bildirib ki, Azərbaycanda çağırışın yuxarı yaş həddinin 35-ə qaldırılması o zaman gerçəkləşdi ki, 27 yaş bütövlükdə o dövrdə çağırışçıların hamısını əhatə edə bilmirdi: "O zaman ailə vəziyyəti, təhsil durumu və başqa hallara görə geniş əhali kateqoriyasında möhlət hüquqları mövcud idi və bütün bunlar nəzərə alınırdı. 2008-ci ildə edilən güzəştlərə görə həmin insanlara möhlət verilirdi. Belə ki, əgər sağlamlıq vəziyyətinə görə hər hansı şəxs möhlət hüququ əldə edirsə, o halda çağırışa möhlət 3 il müddətinədək, hər dəfə 1 ildən artıq olmamaq şərti ilə verilir. 3 ildən sonra isə sağlamlıq vəziyyətindən asılı olaraq möhlət almış çağırışçılar ya müddətli həqiqi hərbi xidmətə çağırılır, ya hərbi xidmətə yararsız hesab edilərək hərbi uçotdan çıxarılır, ya da ki, dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün isə məhdud yararlı hesab edilərək ehtiyatda saxlanılır. Ali təhsil alanlara isə möhlət verilir. Həmin bakalavr pilləsini bitirdikdən sonra hərbi xidmətə yolla düşürlər ki, dövlət qarşısındakı vəzifələrini yerinə yetirsinlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB