Cənubi Qafqazda təhlükəsizlik məsələlərinə həsr olunmuş beynəlxalq konfrans keçirilir

Cənubi Qafqazda təhlükəsizlik məsələlərinə həsr olunmuş beynəlxalq konfrans keçirilir

Tbilisi şəhərində Gürcüstanın strateji və beynəlxalq münasibətlərin tədqiqi fondu və Slovakiyanın "Avropa, Avratlantika məsələləri" mərkəzinin birgə təşkilatçılığı ilə Cənubi Qafqazda təhlükəsizlik məsələlərinə həsr olunmuş beynəlxalq konfrans işə başlayıb. Konfransda müdafiə, təhlükəsizlik, Avratlantikaya inteqrasiya məsələləri üzrə ekspertlər, Gürcüstanda akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, Cənubi Qafqaz, Türkiyə, Ukrayna, Moldova və digər ölkələrdən nümayəndə heyətləri iştirak edirlər.

Avropa və Avratlantikaya inteqrasiya məsələləri üzrə Gürcüstanın dövlət naziri Aleksi Petriaşvili qonaqları salamlayıb və günümüzün aktual problemlərinə həsr olunmuş konfrans iştirakçılarının müzakirələrə fəal qoşulub təhlükəsizliyin etibarlı təminatı yollarını müəyyənləşdirməyə cəhd göstərəcəklərinə əmin olduğunu vurğulayıb.

Gürcüstan strateji və beynəlxalq münasibətlərin tədqiqi fondunun rəhbəri Aleksandr Rondeli Cənubi Qafqaz ölkələri üçün taleyüklü məsələyə həsr olunmuş tədbirlərin gələcəkdə ənənə halını alacağına ümidvar olduğunu bildirib və ölkəsinin belə bir mötəbər konfransa ev sahibliyi etməsindən məmnunluğunu bildirib.

Konfransda Azərbaycan geniş tərkibli nümayəndə heyəti ilə təmsil olunur.

Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin aparıcı elmi işçisi Kamal Makili-Əliyev deyib ki, konfrans iştirakçıları Azərbaycanda təhlükəsizliyin təmin olunması yönümündə aparılan işlər barədə ətraflı məlumatlandırılıblar. O qeyd edib ki, konfrans Cənubi Qafqaz ölkələrində həyata keçirilən tədbirlərə dair fikir mübadiləsi aparılması, perspektiv üçün müvafiq layihələrin, planların nəzərdən keçirilməsi baxımından da təqdirəlayiqdir.

Azərbaycan nümayəndə heyəti üzvlərinin gündəlikdə duran məsələlərin müzakirəsində fəal iştirak etdiklərini bildirən Milli Məclisin deputatı Asim Mollazadə deyib: "Biz ilk növbədə Cənubi Qafqazda mövcud olan və uzun illər ərzində həllini tapmamış münaqişələrə diqqəti çəkdik, Ermənistanın bölgədə təhlükəsizliyin təmin olunmasına böyük problem yaratdığını vurğuladıq. Azərbaycan Vilnüs sammitində qarşıya qoyulan məqsədə nail oldu və müvafiq sənədə imza atmaqla perspektivdə Avropa Birliyinin bölgədə ən etibarlı partnyoru olduğunu təsdiqlədi. Ölkəmiz bu addımı ilə bir daha göstərdi ki, Avropadan hansısa yardım almaq məqsədi yoxdur, əksinə, onun enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır".

Milli Məclisin üzvü vurğulayıb ki, Azərbaycan Türkiyə və Gürcüstanla birgə bölgənin təhlükəsizliyinin təmin olunması istiqamətində böyük işlər görür. A.Mollazadə konfransda bölgədə baş verən proseslərə düzgün yanaşma, mövcud münaqişələrin həllinə dəstək, Beynəlxalq hüquqa hörmət və digər məsələlərlə bağlı Avropanın mövqeyini gücləndirməsi üçün arzu və təkliflərin səsləndiyini, Azərbaycanın Avropa ilə bölüşdürdüyü birgə dəyərlərə-mədəniyyət, demokratiya, insan amili kimi mühüm məqamlara önəm verdiyini deyib.

O qeyd edib ki, ölkəmizin başlıca strategiyası məhz insan amilinin inkişafıdır, "qara qızılın" "insan qızılına" çevrilməsidir. Belə ki, hər bir vətəndaşın təhsili, sağlamlığının qorunması, sosial müdafiəsi, ətraf mühitin mühafizəsi başlıca qayğılardandır.

Milli Məclisin deputatı Avropa və NATO-dakı tərəfdaşların Azərbaycanda, ümumiyyətlə Cənubi Qafqazda mövcud münaqişələrin həllində obyektiv və qəti mövqe nümayiş etdirmələrini arzulayıb.

Konfrans işini bu gün yekunlaşdıracaq.

Bütün xəbərlər Facebook səhifəmizdə