"Onu deyə bilərəm ki, müxalifətin sonuncu keçirdiyi aksiyada 500-800 arası insan iştirak etmişdi. Elə bu dəfə də belə olacaq. Müxalifət düşərgəsi insanların qiymət artımından narazı qalmasını əsas götürərək onların aksiyalara qoşulacağını ümid edirlər. Ancaq bu çox primitiv yanaşmadır". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Qüdrət Həsənquliyev "Milli Şura"nın dekabrın 15-də keçirmək istədiyi aksiyanı şərh edərkən deyib.
Onun sözlərinə görə, insanlar nədənsə narazı qala bilərlər, lakin bu qüvvələrin, hansı ki özlərinin dünyagörüşü, davranışı, xarakteri ilə sübut ediblər ki, onlar primitiv siyasətçidirlər: "Buna görə də xalq heç vaxt onların arxasınca getməz. Onların ətrafında sadəcə müəyyən məhdud dairə var və yalnız onlar aksiyada iştirak edə bilərlər".
Müxalifətin Azərbaycanda insan haqlarının yetərincə qorunmadığı ilə bağlı səsləndirdiyi fikirlərə də münasibət bildirən millət vəkili hesab edir ki, hər bir ölkədə olduğu kimi, Azərbaycanda da insan haqlarının pozulması ilə bağlı müəyyən problem mövcuddur: "Buna görə də istər iqtidar, istərsə də müxalifət mövcud problemin aradan qaldırılması istiqamətində əllərindən gələni etməlidir. Yalnız yüksək inkişaf etmiş cəmiyyətlərdə insan haqlarının qorunmasında ciddi nailiyyətlər əldə etmək mümkündür. Təbii ki, bu məsələdə dövlətin rolu önəmlidir. Ümumilikdə, xalqın siyasi mədəniyyəti, dünyagörüşü və qanunlara sadiqliyi çox önəmlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB