Elmar Məmmədyarov İslam ölkələrinə minnətdarlıq edib

Elmar Məmmədyarov İslam ölkələrinə minnətdarlıq edib

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının Qvineyada keçirilən 40-cı iclasında çıxış edib. XİN-dən SİA-ya verilən məlumata görə, E.Məmmədyarov çıxışında Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalının qınanması və Azərbaycana verilən dəstəklə əlaqədar islam ölkələrinə minnətdarlığını bildirib.

"Biz BMT Təhlükəsizlik Şurasının, İslam Əməkdaşlıq Təşkilatının və digər beynəlxalq qurumların qətnamələrinə uyğun olaraq, Ermənistan qoşunlarının bizim bütün işğal altındakı ərazilərimizdən tam və qeyd-şərtsiz çıxması çağırışı ilə bağlı İƏT ölkələrinə xüsusən minnətdarıq. İslam dünyasına dini, mədəni, tarixi köklərlə bağlı olan Azərbaycan müsəlman ölkələri ilə münasibətlərin inkişafına və sivilizasiyalararası təmaslara xüsusi əhəmiyyət verir. Sivilizasiyalararası dialoq sülh və təhlükəsizliyin, münaqişələrin və mübahisələrin həlli, mədəni müxtəlifliyin möhkəmləndirilməsi və dayanıqlı inkişafın hərəkətvericisi olmaq üçün potensiala malikdir.

Vurğulanıb ki, Azərbaycan hər zaman dini ayrı-seçkilik və nifrətə təhriklə mübarizəyə tərəfdar olub və islamofobiya tendensiyalarına qarşı İƏT çərçivəsində səylərin birləşdirilməsi vacibdir. İƏT məkanındakı problemlərə toxunan nazir qardaş Fələstin xalqına sülh, sabitlik və müstəqil dövlət yaradılması uğrunda mübarizəsində Azərbaycanın dəstəyini ifadə edib. Biz 2014-cü ildə qadınların islam ölkələrinin inkişafındakı roluna dair İƏT-in nazirlər səviyyəsində beşinci sessiyanı qəbul etməkdən çox şad olacağıq"-deyə, nazir sözlərinə əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə