“Heydər Əliyevin Vətən, xalq sevgisi hər kəsə daim örnək olacaq” AÇIQLAMA

Vüqar Rəhimzadə: "Ulu Öndərin həyat və fəaliyyəti bir məktəbdir, hələ neçə-neçə nəsillər bu məktəbi öyrənəcək, Azərbaycanın uğurlu inkişafına dəstək olacaq"

"Ümummilli Lider Heydər Əliyevin vətəninə, xalqına tükənməz sevgisi hər kəsə daim örnək olacaq". Bu sözləri SİA-ya Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Ulu Öndərin anım günü ilə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, bu gün böyük fəxr və qətiyyətlə qeyd edirik ki, müstəqil, qüdrətli, müasir Azərbaycan ulu öndər Heydər Əliyevin şah əsəridir: "Sovetlər birliyi dövründə ölkəmizi qabaqcıl respublikalar sırasına çıxaran Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışı dövlətçilik tarixinin yeni mərhələsinin, müstəqilliyi əbədiləşdirən uğurlu bir yolun başlanğıcını qoydu. Müstəqilliyimizin ilk illərində Azərbaycanın yaşadığı ağır durum yaddaşlardadır. Xaos, anarxiya, özbaşınalıq o illərin xarakterik cəhətləridir. Xalq sabaha ümidini itirmişdi. Azərbaycanın bir dövlət olaraq varlığı sual altında idi. Belə çətin dövrdə xalq ayağa qalxdı, dahi şəxsiyyət Heydər Əliyevi təkidlə hakimiyyətə dəvət etdi. Daim dövləti, xalqı üçün yaşayan, bütün ömrünü vətəninin, xalqının, ölkəsinin gələcəyinə həsr edən Ulu Öndər Heydər Əliyev ölkənin, xalqın bu ağır durumuna biganə qalmadı, xalqın səsinə səs verdi, hakimiyyətə qayıdışı ilə sabaha ümid yaratdı. "Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaqdır, sarsılmaz olacaqdır, dönməz olacaqdır və Azərbaycanın bugünkü gənc nəsli gələcək Azərbaycanı daha da yüksəklərə qaldıracaqdır" söyləyən Ümummilli Lider Heydər Əliyev bu məqsədə nail olmaq üçün harada yaşamasından asılı olmayaraq hər bir azərbayanlıdan müqəddəs Azərbaycan qayəsi ətrafında birliyə çağırdı. Bir sözlə, müstəqil, iqtisadi cəhətdən qüdrətli, vahid, dünya birliyinin tanıyıb, hörmət etdiyi Azərbaycan kimi bir dövləti yaratmaq xilaskar olaraq ulu öndər Heydər Əliyevə nəsib oldu".

V.Rəhimzadə həmçinin vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin ilk mərhələdə həyata keçirdiyi islahatlar, böhran içərisində qalan Azərbaycanın iqtisadiyyatının gücləndirilməsinə xidmət edən genişmiqyaslı quruculuq işləri xalqın gələcəyə olan inamını doğrultmaqla ölkəmizin dünya birliyinə açılan yoluna işıq" saldı: "Uğurlu daxili siyasət nəticəsində ölkədə sabitliyin yaradmasına nail olan Ümummilli Lider bu fikri də bildirirdi ki, müstəqillik yollarında ilk addımlarını atan ölkənin beynəlxalq aləmdə özünü təsdiqləməsində, varlığı barədə aydın təsəvvür yaratmasında ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının böyük əhəmiyyəti vardır. Beynəlxalq aləmdə sabitlik diyarı kimi tanınan Azərbaycan malik olduğu təbii resurslardan səmərəli istifadə etməklə iqtisadi inkişafın təmin edilməsinə səy göstərdi. Dünya siyasətində dəst-xətti ilə seçilən, dövlət başçıları arasında fenomen istedadı və bacarığı ilə fərqlənən Heydər Əliyev şəxsiyyəti müdriklik simvolu kimi nümunə göstərilirdi. Bu, cəsarət və qətiyyət, liderlərə məxsus dönməzlik və məğrurluq müasir Azərbaycanın qurucusu olan dahinin həyat amalının gerçəkləşməsinin parlaq ifadəsi kimi Azərbaycanın imicini, nüfuzunu yüksəltdi. Ulu öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasətin uğurlarını bir yazıda əhatə etmək qeyri-mümkündür. Daim vurğuladığımız kimi, Heydər Əliyevin həyat və fəaliyyəti bir məktəbdir. Hələ neçə-neçə nəsillər bu məktəbi öyrənəcək, Azərbaycanın uğurlu inkişafına dəstək olacaq. Nə qədər müstəqil Azərbaycan dövləti, xalqı var ulu öndər Heydər Əliyev ürəklərdə yaşayacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə