Romada La Sapienza Universiteti və Demokratiya və Əməkdaşlıq İnstitutunun birgə təşkilatçılığı ilə "Postsovet məkanında geosiyasi qurumlar" mövzusunda konfrans keçirilib.
Tədbirdə Azərbaycanın, Rusiyanın, Ukraynanın, Özbəkistanın, Belarusun və Qazaxıstanın diplomatik nümayəndəliklərinin üzvləri, İtaliyanın ictimai xadimləri və başqaları iştirak ediblər.
Tədbiri açan La Sapienza Universitetinin rektoru Luici Frati və prorektor Antonello Biacini konfransın əhəmiyyəti haqqında danışıblar.
Konfransda məruzə ilə çıxış edən Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov bildirib ki, 1975-ci il avqustun 1-də Helsinkidə Avropada Təhlükəsizliyə və Əməkdaşlığa dair Konfransın Yekun Aktı imzalanıb. Təşkilata üzv ölkələr üçün müəyyən edilmiş əsas prinsiplər barədə danışan Vaqif Sadıqov deyib: "Bu gün sual olunur ki, həmin prinsiplərə hörmət edilirmi? Təəssüflə qeyd etmək istərdim ki, cavab mənfidir".
Səfir diqqətə çatdırıb ki, bir sıra regional münaqişələrin hələ də öz həllini tapmaması ATƏT, NATO, Avropa İttifaqı və digər beynəlxalq təşkilatların səmərəli fəaliyyətinə mənfi təsir göstərir. Bəzi münaqişələr, xüsusilə də səhvən "dondurulmuş" adlandırılan münaqişələr hər an qanlı müharibəyə çevrilə bilər. Bu baxımdan Azərbaycan hər zaman böyük problemlərlə üzləşib: "Təhlükəsizlik olmadan əməkdaşlıq etmək mümkün deyildir".
Vaqif Sadıqov vurğulayıb ki, 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan hüquqi və demokratik dövlət quruculuğu yolunda bir sıra çətinliklərlə üzləşmişdi. Bu maneələrin aradan qaldırılmasında, sabitliyin bərqərar edilməsində Ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri olub. Azərbaycanın dünyada tolerant bir ölkə kimi nüfuz qazandığını deyən səfir qeyd edib ki, ölkəmizin bir çox beynəlxalq qurumlarla, iqtisadi təşkilatlarla yaxşı əlaqələri var.
Cari ildə İtaliya Respublikası Nazirlər Şurasının prezidenti Enriko Lettanın Azərbaycana səfərini xatırladan Vaqif Sadıqov ölkələrimiz arasındakı iqtisadi əlaqələrdən də danışıb. Bildirib ki, İtaliya Azərbaycanın önəmli ticarət tərəfdaşıdır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan diplomat diqqətə çatdırıb ki, Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğal olunub, 1 milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. ATƏT çərçivəsində aparılan danışıqlar hələ heç bir müsbət nəticə verməyib. BMT-nin və bir sıra nüfuzlu beynəlxalq təşkilatların erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasına çağıran qətnamələri var. Lakin təəssüf hissi ilə qeyd edilməlidir ki, hələ də bu qətnamələrə əməl olunmur və beynəlxalq ictimaiyyət tərəfindən hər hansı təsirli addım atılmır. Azərbaycanın bu məsələ ilə bağlı mövqeyi aydındır: "Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalı, ölkəmizin ərazi bütövlüyü bərpa olunmalı və münaqişə nəticəsində öz yurdlarından didərgin düşmüş vətəndaşlarımız doğma yurdlarına geri qayıtmalıdırlar. Münaqişə həll edilmədən regionda təhlükəsizliyin bərqərar olunması və Azərbaycan ilə Ermənistan arasında əlaqələrin qurulması ilə bağlı ölkəmizin mövqeyi müzakirəyə qoyula bilməz. Çünki ilk növbədə beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır".
Vaqif Sadıqov Dağlıq Qarabağ probleminə baxmayaraq Azərbaycanda son illərdə sürətli iqtisadi inkişafın getdiyini bildirib. Diqqətə çatdırıb ki, ölkəmizdə yoxsulluğun səviyyəsi 49 faizdən 6 faizə, işsizlik 5,2 faizə düşüb. Azərbaycan artıq xarici ölkələrə sərmayə qoyan bir ölkəyə çevrilib.
Qeyd olunub ki, son illərdə Azərbaycanda bir sıra enerji layihələri uğurla həyata keçirilməkdədir. Ölkəmizdə yeni qaz yataqları kəşf olunub və bu qazın ixracı istiqamətində Trans-Adriatik kəməri (TAP) böyük əhəmiyyət kəsb edir. TAP vasitəsilə Azərbaycan qazının İtaliyaya nəql olunması təmin ediləcək.
Tədbirdə postsovet məkanında geosiyasi vəziyyət, problemlər və onların həlli istiqamətində görülən işlər və digər mövzularla bağlı müzakirələr aparılıb, məruzələr dinlənilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB