Millət vəkili: "Arzu edirəm ki, gələn forumu Dağlıq Qarabağda qeyd edək"

Millət vəkili: "Arzu edirəm ki, gələn forumu Dağlıq Qarabağda qeyd edək"

"İnşallah, gələn Xəzər Forumunu işğaldan azad edəcəyimiz Dağlıq Qarabağda keçirək". SİA-nın məlumatına görə, bu sözləri millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası dostluq qrupunun üzvü Qənirə Paşayeva İstanbulda keçirilən 3-cü Xəzər Forumunun qapanış və mükafatlandırma mərasimindəki çıxışında deyib.

Dağlıq Qarabağ münaqişəsini özündə əks etdirən və aprel ayında təqdim olunacaq Qafqaz filminin yaradıcı heyətinə və oyuncularına Xəzər mükafatını təqdim edən millət vəkili Qənirə Paşayeva filmin yaradıcı heyətinə təşəkkür etdikdən sonra filmin verdiyi mesaja toxunaraq deyib ki, elə yaralar, acılar var ki, onları ömrünüzün sonuna qədər unuda bilməzsiniz: "Bu, normal yaşaya bilmədiyiniz uşaqlıq və gənclik illəriniz, dostlarınızın yarımçıq qalmış xəyallarıdır. Azərbaycanda 100 minlərlə uşaqlar, gənclər bu ağrını çəkərək böyüyüblər və ömürlərinin sonuna qədər bu acılarla yaşayacaqlar. Çünki onlar Ermənistanın Azərbaycan torpaqlarını işğalı zamanı böyük acılar yaşayıb, yaralar alıblar. Minlərlə günahsız insan qətlə yetirildi, minlərlə gəncin xəyalları, arzuları yarımçıq qaldı. Mən Azərbaycanın Ermənistanla sərhədlərində doğulmuşam, yaşamışam, o ağrı və acıları, günahsız qətlə yetirilən sinif yoldaşlarım, dostlarım olmaqla bütün o ağrını hələ də yaşayan bir nəslin nümayəndəsiyəm. O insanların heç bir suçu yox idi. Onlar öz torpaqlarında, evlərində yaşayırdılar. Amma kinlə, nifrətlə, işğal xisləti ilə yetişdirilənlərin, Ermənistanın işğalçılıq siyasətinin qurbanı oldular. Bu filmin mükafatlandırılmasının və bu forumun anlamı bütün dünyaya bir mesajdır".

Çıxışı zamanı forumun əhəmiyyətindən danışan millət vəkili vurğulayıb ki, bu forumda bölgədə olan ölkələrin əməkdaşlığının genişləndirilməsi, daha da surətləndirilməsi prespektivləri müzakirə olunur. Q. Paşayeva qeyd edib ki, əməkdaşlıq olan yerdə inkişaf, uşaqların və gənclərin xoşbəxt gələcəyi var: "Tam əksinə kin, nifrət, başqalarının torpaqlarını işğal zehniyyəti isə minlərlə insanın həyatını itirməsi, milyonlarla insanın mutsuzluğu deməkdir. Təəssüf ki, bəzi ölkələr bunu hələ də anlamırlar və hələ də işğalçılıq xislətindən qurtula bilmirlər. Mən inanıram ki, Xəzər Forumu, burada iştirak edən və əməkdaşlıq, inkişaf istəyən ölkələrin xalqları qədər də bölgəmizin inkişafına öz töhvəsini verəcək. Mən bu Çırağan sarayında Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin çıxışını xatırlayıram. O zaman Bakı-Tiflis-Ceyhan layihəsinə 3 dənizin əfsanəsidir deyirdilər, bir çoxları onun gerçək ola biləcəyinə inanmırdılar. O isə inanırdı və biz sizin əfsanə adlandırdığınız bu layihəni gerçək edəcəyik deyirdi. Mən burada onu rəhmətlə anaraq demək istəyirəm ki, bu layihə, əməkdaşlıq Azərbaycan, Gürcüstan, Türkiyə ilə bərabər bölgə və dünya üçün əhəmiyyətli oldu. Azərbaycan hər zaman məsələlərə bu düşüncə ilə yanaşıb. Bu gün bir çox nağıl kimi görünən layihələri gerçəyə çevirən Azərbaycan prezidenti İlham Əliyevi də buradan təbrik edərək demək istəyirəm ki, Azərbaycan hər zaman əməkdaşlıqdan, sülhdən yana oldu və bu gün də belədir".

Bölgədə hələ də sülhün yaranmasına əngəl olan güclərin olduğunu təəssüf hissi ilə bildirən millət vəkili söyləyib ki, onlar işğal etdiyi torpaqları işğalda saxlamaqla bütün bölgəyə zərər vurmaqda davam edirlər: "İnşallah, gələn forumu işğaldan azad edəcəyimiz Dağlıq Qarabağda qeyd edək. Yalnız o zaman bölgəyə həqiqi bir ədalət gələ bilər" .

Qeyd edik ki, Xəzər Forumunun sonunda mükafatlandırma və Qala gecəsi keçirilib. Türkiyədə çəkilən, Qarabağ müharibəsindən bəhs edən "Qafqaz" filmindən seçmə fraqmentlər nümayiş etdirilib. Filmin yaradıcı heyətinə də mükafat təqdim olunub. Mükafatı millət vəkili Qənirə Paşayeva təqdim edib.

Bütün xəbərlər Facebook səhifəmizdə