"AXCP və Müsavat partiyalarının bir-birlərinə 20 ildən artıq olan kin-küdurəti Milli Şuranın fəaliyyətinə təbii ki, mənfi təsir göstərir". Bu sözləri SİA-ya açıqlamasında Açıq Cəmiyyət Partiyasının sədri, Milli Şuranın üzvü Sülhəddin Əkbər Müsavat-AXCP qarşıdurmasına münasibət bildirərkən deyib.
O, növbəti dəfə iddia edib ki, Milli Şuranın hazırkı vəziyyəti İctimai Palatadan fərqlənmir və burada AXCP ilə Müsavatın rolu var: "Mən təəssüf edirəm ki, İctimai Palatadakı ab-hava Milli Şuraya da gətirilir və burada palatalaşma prosesi gedir. Yəni, qurumda mənfi tendensiya başlayıb. Bunun mümkün qədər tez qarşısı alınmalıdır. Əks halda, bu, Milli Şuranın gələcək fəaliyyətinə də mənfi təsir bağışlayacaq. Çünki, birgə fəaliyyət üçün kollektiv əhval-ruhiyyə olmalıdır. Bu olmadığı halda, birgə fəaliyyət göstərmək çətinləşir".
Milli Şurada fikir ayrılıqlarının olduğunu da istisna etməyən ACP sədri hələ də konsensusun əldə edilmədiyini bildirib. O, AXCP-ni və Müsavat Partiyasını dominantlıqdan əl çəkməyə çağırıb: "Konsensus olmadan qurumda fikir ayrılıqları bu strategiyanı həyata keçirməkdə mane olacaq. Qurumda hər hansı bir siyasi qüvvənin dominantlığına yol verilməməlidir. Eldar Namazov Milli Şuranın aparatının sədri vəzifəsindən istefa verib. Düşünürəm ki, bu etik baxımdan doğru addımdır. Çünki, aparat rəhbəri sədrin yanında olar. Eldar Namazov və Rüstəm İbrahimbəyov bir siyasi komanda idilər. Bu səbəbdən də, Rüstəm İbrahimbəyovun sədrlikdən, Eldar Namazovun aparat sədrliyindən istefa vermələri normal haldır. Təbii ki, burada digər səbəblər də var. Lakin siyasi etik baxımdan onları səsləndirmək düzgün deyil".
Ülkər MUSAZADƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB