Elmar Məmmədyarov: “Azərbaycan potensial əməliyyat tərəfdaşı qismində Əfqanıstana yardım etməyə hazırdır

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Əfqanıstanda Beynəlxalq təhlükəsizliyə yardım qüvvələrinə (ISAF) töhfə verən dövlətlərin xarici işlər nazirlərinin 4 dekabr tarixində NATO-nun mənzil-qərargahında keçirilən görüşündə iştirak edib. XİN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, xarici işlər nazirlərinin görüşündə aparılan müzakirələrin əsasını 2014-cü ildə başa çatacaq Beynəlxalq təhlükəsizliyə yardım qüvvələrinin əməliyyatından sonra NATO üzv və tərəfdaş ölkələrinin Əfqanıstandakı yeni missiyası, nəzarətin əfqan milli təhlükəsizlik qüvvələrinə keçməsi və Əfqanıstan milli ordusuna yardım ətrafında fikir mübadiləsi təşkil edib.

Nazir Elmar Məmmədyarov çıxış edərək, Azərbaycanın potensial əməliyyat tərəfdaşı qismində 2014-cü ildən sonra da Əfqanıstana qüvvə, təlim, tranzit və maliyyə formasında yardımlar göstərməyə hazır və qadir olduğunu bildirib.

Nazir Elmar Məmmədyarov Azərbaycanın Əfqanıstan ilə münasibətlərinin strateji və qardaşlıq xarakteri daşıdığını qeyd edərək, ikitərəfli əsasda da Azərbaycanın Əfqanıstana yardım və dəstəyini əsirgəmədiyini vurğulayıb.

Səfər çərçivəsində nazir Elmar Məmmədyarov ikitərəfli görüşlər keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə