“Heydər Əliyev və Azərbaycan” mövzusunda dəyirmi masa keçirilib

“Heydər Əliyev və Azərbaycan” mövzusunda dəyirmi masa keçirilib

Bu gün "Səs" qəzetinin redaksiyasında "Heydər Əliyev və Azərbaycan" mövzusunda "dəyirmi masa" keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyası (PA) rəhbərinin müavini, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, Milli Məclisin Regional məsələlər komitəsinin sədri, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü Arif Rəhimzadə, YAP Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva, YAP Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, YAP Siyasi Şurasının üzvü, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) elmi işlər üzrə prorektoru, professor Vilayət Əliyev, YAP Siyasi Şurasının üzvü, partiyanın Gənclər Birliyinin sədr müavini Samirə Quliyeva və KİV nümayəndələri iştirak ediblər.

"Dəyirmi masa"da çıxış edən "Səs" qəzetinin Baş redaktoru Bəhruz Quliyev deyib ki, Ümummilli lider Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri var. Bildirib ki, Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olub: "Məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başlayıb və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilib".

Çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bildirib ki, Azərbaycanda müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış və elmin, təhsilin, mədəniyyətin inkişafı əbədi surətdə Heydər Əliyevin adı ilə bağlıdır: "Ölkəmizin əsas qanunu Konstitusiyanın qəbul edilməsi, hakimiyyətlərin bölünmə prinsipinin təsbit olunması, hüquq normalarının və qanunvericilik bazasının beynəlxalq standartlara uyğunlaşdırılması, müasir idarəetmə üsullarının bərqərar olması və müvafiq dövlət qurumlarının formalaşdırılması Heydər Əliyevin rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı quruculuq proqramının tərkib hissələridir. Azərbaycanın dünya miqyasında neft-qaz hasil və ixrac edən ölkəyə çevrilməsi, milli neft strategiyasının uğurla həyata keçirilməsi, xarici dövlətlərin aparıcı neft şirkətləri ilə müqavilələrin bağlanması, neft sənayesinin müasir tələblərə uyğun infrastrukturunun qurulması, neftin Bakı–Tbilisi–Ceyhan, Bakı–Supsa, Bakı–Novorossiysk boru kəmərləri vasitəsilə şaxələnmiş şəkildə nəqli bilavasitə Heydər Əliyevin xidmətləridir. Dünya iqtisadiyyatına uğurla inteqrasiya, ölkə daxilində iqtisadi liberallaşma, kredit reytinqimizin artması, iqtisadiyyatımızın rəqabət qabiliyyətliliyinin yüksək mövqedə olması, büdcəmizin və valyuta ehtiyatlarımızın ildən-ilə çoxalması 1993-cü ildən etibarən Heydər Əliyev tərəfindən yeni prinsiplər əsasında qurulan iqtisadiyyatın sabitliyinin bariz nümunəsidir".

Novruz Məmmədov deyib ki, Heydər Əliyev taleyin xalqa bəxş etdiyi böyük bir tarixi şəxsiyyətdir: "Mən 7 il Ulu öndər Heydər Əliyevlə bir yerdə işləmişəm. İnanın bu yeddi ili özümün ən mənalı, ən şərəfli, ən məsul dövrü hesab edirəm. Heydər Əliyev siyasi, dövlət xadimi, ata kimi, dost kimi həmişə nümunə olacaq".

Milli Məclisin Regional məsələlər komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Arif Rəhimzadə çıxışında deyib ki, Ulu öndər Heydər Əliyevin fəaliyyəti Azərbaycan xalqı tərəfindən daim yüksək qiymətləndirilib: "Heydər Əliyev ilk dəfə Azərbaycanın rəhbərliyinə gəlməsilə bütün sahələr üzrə geridə qalan respublikanı ən qabaqcıl İttifaq üzvünə çevirdi. Bütün sahələr inkişaf etdi, kənd təsərrüfatı, sənaye və digər yeni sahələr yaradıldı".

Arif Rəhimzadə deyib ki, Heydər Əliyevin XX əsrdə totalitarizmin Azərbaycana qarşı törətdiyi faciələrin davamı kimi qanlı 20 Yanvarı xalqımız əleyhinə hərbi, siyasi və mənəvi təcavüz kimi qiymətləndirməsi onun ömrü boyu sadiq qaldığı siyasi məfkurəsinin və yüksək vətənpərvərliyinin yeni siyasi şəraitdə təcəssümü idi: "Mövcud siyasi, iqtisadi və sosial böhran müstəqilliyimizin ilk illərində Azərbaycanı vətəndaş müharibəsi həddinə çatdırdığı bir dövrdə Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə gəldiyi gün – 1993-cü ilin 15 iyunu tariximizə Qurtuluş Günü kimi daxil olub. Bu qurtuluş qısa bir zamanda özünü nəinki siyasətdə, həm də iqtisadiyyatda, təhsildə, mədəniyyətdə və insanların gündəlik real həyatında büruzə verib. Tənəzzülə uğrayan iqtisadiyyat, sürətlə artan inflyasiya, işsizlik, ümidsizlik mühiti və digər neqativ hallarla üz-üzə qalmış Azərbaycanı Heydər Əliyev qısa bir zamanda iqtisadi və mədəni yüksəliş yolu tutan, xarici sərmayələrə açıq olan və böyük beynəlxalq layihələrə qoşulan ölkəyə çevirə bildi. Heydər Əliyevin qurduğu dövlətin iqtisadi siyasəti əhalinin sosial müdafiəsini daim diqqət mərkəzində saxlamaqla sosial yönümü ilə səciyyələnirdi. Bu gün Azərbaycan nüfuzlu vətəndaş cəmiyyətinin əsaslarının qurulduğu, müxtəlif siyasi partiyaların sərbəst fəaliyyət göstərdiyi, yüzlərlə senzurasız qəzet və jurnalın nəşr olunduğu, eləcə də çox sayda özəl telekanalların yayımlandığı və internet şəbəkəsi istifadəçilərinin sayının sürətlə artdığı bir ölkədir. Bu mənada hər kəs yaxşı bilir ki, Heydər Əliyevin Azərbaycanın, Azərbaycan xalqının və dövlətçiliyinin inkişafında böyük xidmətləri olub. Heydər Əliyevdən sonra Onun xilaskarı və banisi olduğu Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla inkişaf edir".

YAP Siyasi Şurasının üzvü, Azərbaycan Dövlət Pedaqoji Universitetinin elmi işlər üzrə prorektoru, professor Vilayət Əliyev çıxış edərək bildirib ki, Heydər Əliyevin rəhbərliyi altında milli maraqlara əsaslanan və siyasi perspektivləri nəzərə alan xarici siyasət kursu müəyyənləşib, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə qarşılıqlı münasibətlər qurulub: "Onun uğurlu xarici siyasəti ölkəmizin etibarlı tərəfdaş kimi qəbul edilərək beynəlxalq miqyasda nüfuzunun artmasına, islahatçı və təşəbbüskar dövlət olaraq tanınmasına xidmət göstərib. Heydər Əliyevin beynəlxalq aləmdə atdığı qətiyyətli addımlar sayəsində diplomatiyamızın fəal mövqeyi formalaşıb, Azərbaycanın zorla cəlb olunduğu Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dünya ictimaiyyətinin münasibəti dəyişib, ölkəmizin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı bütün beynəlxalq hüquqi-normativ sənədlərdə öz əksini tapıb.

Eyni zamanda, xalqımızın Ümummilli liderinin "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam" sözləri dünya azərbaycanlılarının şüarı olmaqla, soydaşlarımızın həmrəyliyinin təməl daşına çevrilib. Müstəqil Azərbaycan Respublikasına rəhbərlik etdiyi illər ərzində Heydər Əliyev tərəfindən aparılan ardıcıl və məqsədyönlü siyasət nəticəsində Azərbaycan diasporu təşkilatlanıb, inkişaf edib və öz tarixi vətəni ilə sıx bağlılığını nümayiş etdirib. Bu gün dünyanın müxtəlif guşələrində yaşayan azərbaycanlıların müstəqil Azərbaycan Respublikasını öz vətəni sayması, onu milli ruhun, milli-mənəvi dəyərlərin, milli mədəniyyətin məbədi kimi qəbul etməsi və azərbaycançılıq ideyası ətrafında birləşməsi məhz Heydər Əliyev fəaliyyətinin nəticəsidir".

YAP Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva da çıxışında Ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin hərtərəfli inkişafı yolunda əvəzsiz tarixi xidmətlərindən, milli dövlətçilik ideyasının bərqərar olması və ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması naminə verdiyi misilsiz töhfələrdən bəhs edib: "Heydər Əliyev öz siyasi dühası ilə Azərbaycanın müasir simasını müəyyənləşdirib və xalqımızın taleyində silinməz izlər qoyub. Onun siyasəti nəticəsində əldə olunan misilsiz nailiyyətlər göz qabağındadır. Bu uğurlar paytaxtımızın daim yeniləşən görkəmində, şəhər və rayonlarımızın sürətlə modernləşməsində, iqtisadiyyat və elmdə, təhsil, mədəniyyət və səhiyyədə, eləcə də ictimai-siyasi həyatımızda öz əksini tapıb. Heydər Əliyevin memarı olduğu Azərbaycan bu gün böyük tikinti meydançasını xatırladır. Yüzlərlə sənaye və infrastruktur obyektləri, məktəblər, xəstəxanalar, idman qurğuları, yaşayış evləri, inzibati binalar və digər tikililər ucaldılır, yollar salınır. "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası bizim gələcək planlarımızı əks etdirməklə yanaşı bir daha sübuta yetirir ki, Heydər Əliyevin ölkəmizin sürəkli tərəqqisini bu gün də təmin edən irimiqyaslı proqramları xalqımızın sosial-iqtisadi vəziyyətinin daim yaxşılaşmasına xidmət göstərir".

YAP Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov isə vurğulayıb ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı əsl xilaskarlıq missiyası idi: "1993-cü ildə ölkədə xaos, özbaşınalıq, vətəndaş müharibəsi yaşandığı bir dövrdə Azərbaycan xalqı yenidən Ulu öndərə müraciət etdi. Çünki xalq bilirdi ki, Azərbaycanı bu bəladan ancaq Heydər Əliyev xilas edə bilər. Bir qrup ziyalı Ulu öndər Heydər Əliyevə müraciət etdi və O, 1993-cü ilin iyun ayında siyasi hakimiyyətə qayıtdı. Məhz, bu qayıdış Azərbaycan xalqının, dövlətinin və müstəqil Azərbaycanın özünə qayıdışı idi".

Aydın Hüseynov vurğulayıb ki, Ulu öndərin müəyyən etdiyi mükəmməl inkişaf konsepsiyasının həyata keçirilməsi dövlət suverenliyinin bərpa edən Azərbaycanda demokratik dövlət quruculuğu və institusional kompleks islahatların reallaşmasına, azad bazar münasibətlərinə əsaslanan milli iqtisadiyyatın formalaşdırılmasına, yeni iqtisadi dövrün tələblərinə uyğun təsərrüfat sisteminin yaradılmasına və sıçrayşlı inkişafın təmin olunmasına dərin təməllər yaratdı: "Ümummilli liderin zəngin siyasi idarəetmə məharəti, milli dövlətçilik ənənələrinə dərindən bələd olması, reformaların mahiyyətini bütün təfərrüatları ilə dərk etməsi və həyata keçirmək qüdrətində olması, praqmatik keyfiyyətləri və digər nadir xüsusiyyətləri müstəqil Azərbaycanın əhatəli inkişaf strategiyasının hazırlanmasının altqatını təşkil etdi. Ümummilli lider Heydər Əliyev ölkənin yeni makroiqtisadi siyasətinin şaxələrini dərinliklərinə qədər məharətlə tədqiq edərək fundamental iqtisadi model hazırladı. Bu model çoxistiqamətli və uzunmüddətli dinamik inkişafın alt sütunlarını təşkil etməklə perspektiv siyasi-iqtisadi proseslərin nəticələri də nəzərə alınmaqla tərtib olunan zəngin konsepsiya idi".

YAP Siyasi Şurasının üzvü, partiyanın Gənclər Birliyinin sədr müavini Samirə Quliyeva da Ümummilli lider Heydər Əliyevin gənclər siyasətindən, Onun gənclərə olan diqqtə və qayğısından söz açıb: "Ulu öndər Heydər Əliyev həmişə gənclərə güvənərək onlara böyük etimad göstərib. Azərbaycanda gənclər siyasəti həmişə dövlət siyasətinin əsas tərkib hissəsi kimi xüsusi yer tutub. Azərbaycan gəncliyi dövlətin diqqət və qayğısını hər zaman öz üzərində hiss edib. Ümummilli lider Heydər Əliyev ölkə rəhbəri olduğu ilk dövrlərdən gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab edib. Onun potenisal güc mənbəyi kimi elmi-fiziki güclərinə üstünlük verdiyi, ictimai və sosial həyatın, cəmiyyət quruculuğunun bütün sferalarında təmsil olunmalarına geniş imkanlar yaratdığı qüvvə həmişə gənclər olub. Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf edib, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, birmənalı olaraq, dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu olub. Bu siyasətin banisi isə xalqımızın ümummilli lideri Heydər Əliyevdir".

Maraqlı diskussiya şəraitidə keçən "dəyirmi masa"da bir daha vurğulanıb ki, Ümummilli lider Heydər Əliyev müstəqillik yolunda ilk qədəmlərini atan Azərbaycanın ən mürəkkəb və taleyüklü dövründə dövlətə rəhbərlik məsuliyyətini öz üzərinə götürərək xilaskarlıq və quruculuq missiyasını böyük şərəflə yerinə yetirib, xalqımızın ən görkəmli şəxsiyyəti kimi tarixdə silinməz iz qoyub. Bu gün Onun siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyev Azərbaycanı dünyanın ən inkişaf etmiş ölkəsinə çevirməyi bacarıb.

Bütün xəbərlər Facebook səhifəmizdə