"Nə bu tərəf, nə o tərəf Ermənistanın maraqlarını nəzərə almır" Münasibət
"Rusiya prezidenti Vladimir Putinin səfəri zamanı Ermənistanın rəhbərliyi Yerevanda Rusiya Prezidentinə Gömrük İttifaqına qoşulacağına və öz gələcəklərini bu dövlətlə bağladıqlarına əmin ediblər. İki gün əvvəl isə Vilnüs sammitində başqa söz deyirdilər. Bu nöqteyi nəzərdən müstəqil dövlətin müstəqil mövqeyi olmalıdır. Bu proseslər onu sübut edir ki, Ermənistan müstəqil dövlət deyil, onun müstəqil mövqeyi yoxdur". SİA-nın məlumatına görə, bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, millət vəkili Səməd Seyidov Vladimir Putinin Ermənistana səfərini şərh edərkən deyib.
Onun sözlərinə görə, Ermənistanın müstəqil mövqeyi olmadığı üçün bu mövqeyə heç bir ölkə tərəfindən normal münasibət gözləmək lazım deyil: "Ona görə ki, hər bir insan da, qurum da, o cümlədən dövlət də əvvəl gərək özü özünə hörmət etsin ki, başqaları da ona hörmət eləsin. Ermənistan bir regionda yaşamaq istəyirsə, region dövlətləri ilə dostluq etmək lazımdır. Prezident İlham Əliyevin siyasəti Qafqazda heç kimə qarşı deyil, lakin Ermənistan belə siyasət apardığı üçün ağır vəziyyətdədir. İşğalçı olduğuna görə həmin dövlətin gələcəyi yoxdur".
"Azərbaycanın Avropa və Rusiya ilə əlaqələri var. Əlbəttə ki, Rusiyanın da, başqa ölkələrin də bu regionda tarixən maraqları var və bunu heç kim inkar etmir. Bu regionda müxtəlif maraqların toqquşmasını nəzərə alaraq düzgün siyasət aparmaq, öz xalqını irəli aparmaq lazımdır. Bu siyasəti də ölkə başçısı İlham Əliyev həyata keçirir. Regionda mövqeyimiz güclüdür və dünyada Azərbaycanla güclü ölkə kimi hesablaşırlar.
Ermənistanla bağlı isə tam əksinədir. Nə bu tərəf, nə o tərəf Ermənistanın maraqlarını nəzərə almır. Bu yalnız o vaxt ola bilər ki, Ermənistandan istifadə edib öz maraqlarını bu regionda tətbiq etsinlər. Bu da Ermənistan xalqının ən böyük faciəsidir. Bu xalqın üzərində Avropa öz maraqlarını, Rusiya isə öz maraqlarını yeridəcək. Ermənistan hakimiyyəti isə öz mövqeyini ortaya qoymaq iqtidarında deyil" - deyə, millət vəkili məsələ ilə bağlı fikirlərinə əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB