Miqrantlarla bağlı qaydalar və cəzalar sərtləşdirilib

Milli Məclisinin bu gün keçirilən iclasında Cinayət Məcəlləsinə edilən dəyişikliklər nəticəsində əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə ölkə hüdudlarından məcburi kənara çıxarma cəzası təyin edilib. SİA-nın məlumatına görə, dəyişikliklər barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, dəyişikliyə əsasən, 1 ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin ediləcək.

Barəsində Azərbaycanın hüdudlarından kənara məcburi çıxarma cəzası tətbiq edilmiş şəxsin Azərbaycan Respublikasına gəlmək hüququ onun məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılır. Məcəllədə 318-1 maddəsinə edilən dəyişikliyə əsasən, əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycana qanunsuz gəlməsini, Azərbaycan Respublikası ərazisində qanunsuz qalmasını, Azərbaycan Respublikası ərazisindən qanunsuz tranzit keçidini və ya hər hansı şəxsin Azərbaycan Respublikasından qanunsuz getməsini təşkil etmək iki min manatdan beş min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə, vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə, təkrar törədildikdə, insan həyatı üçün təhlükəli üsulla törədildikdə - iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Dəyişikliklər səsə qoyularaq qəbul olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...