Elman Nəsirli: “Azərbaycanın milli maraqlardan çıxış edərək fərqli mövqedə dayanması Rusiyanı qane etmir”
"Rusiya Prezidenti Vladimir Putinin Ermənistana səfərində əsas məqsəd əvvəlcə Ermənistanı Rusiya, Belarus və Qazaxıstanın daxil olduğu Gömrük İttifaqına, sonra isə Avrasiya İttifaqına qəbul edilməsinə dair "yol xəritəsi"nə imza atdırmaqdır". Bu fikri SİA-ya açıqlamasında politoloq Elman Nəsirli deyib.
Politoloqun sözlərinə görə, əslində, bu ilin 3 sentyabr tarixində Serj Sarkisyanın Moskvaya işgüzar səfərindən sonra Ermənistanın məlum məsələdə loyal mövqedə dayanacağı artıq məlum idi: "Vilnüsdə keçirilən Avropa İttifaqının 3-cü Şərq tərəfdaşlığı Sammitində Ermənistanın Assosiativ sazişə və Azad ticarət zonası ilə bağlı sənədlərə imza atmayacağı artıq mübahisə predmeti deyildi. Bu reallıqlar fonunda Ermənistana səfər edən Vladimir Putinin əsas dayanacaq nöqtəsi əslində Yerevan deyil, ölkənin əhali baxımından ikinci şəhəri olan Gümrü olub. Elə Rusiyanın dislokasiya olan 102-ci hərbi bazasının komandiri polkovnik Andrey Ruzinskinin "Krasnaya zvezda" qəzetinə verdiyi müsahibədə söylədiyi sayıqlamaları fonunda bu şəhərə səfər xüsusi ajiotaj doğurub. Polkovnik bəyan edib ki, əgər Azərbaycan güc yolu ilə Dağlıq Qarabağ problemini həll etsə, bu halda Rusiya silahlı qüvvələri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı qarşısında daşıdığı öhdəliklərə uyğun olaraq hərbi əməliyyatlara qatılacaq. Azərbaycan tərəfinin bu məslə ilə bağlı etirazına Rusiya tərəfinin cavabı şablon xarakterli olub. Guya jurnalistlər zabitin fikrini təhrif ediblər. Beləliklə, Vladimir Putinin Ermənistana səfəri ilk növbədə geopolitik məna və məzmun kəsb edib. Avropa İttifaqı, ABŞ və digər güc mərkəzlərinə postsovet məkanının onun inhisarında olduğu ismarıcını ünvanlayıb. İkinci bir tərəfdən isə 2012-ci ilə qəbul etdikləri yeni "Xarici siyasət konsepsiyası"nda MDB məkanının Rusiyanın 1-ci xarici siyasət priopiteti kimi göstərilməsinin təsadüfi xarakter daşımadığını təsdiqləmək məzmunu kəsb edir. Eyni zamanda, Avropa İttifaqı ilə əlaqələri dərinləşdirmək istəyən tərəflərə təzyiq elementi təsiri bağışlayır və 2015-ci ildə Avropa İttifaqının Riqa sammitində təşkilatla əlaqələri yenidən dərinləşdirmək istəyinə düşə biləcək tərəflərə, o cümlədən Ukraynaya təzyiq vasitəsi kimi də dəyərləndirilə bilər. Məhz, həmin ildə Avrasiya ittifaqının yaradılacağı ideyasının həyata keçiriləcəyini nəzərə alsaq, bu fikrimizin əsassız olmadığı qənaətinə gələrik".
Politoloq həmçinin, onu da vurğulayıb ki, bu səfərin Azərbaycana da müəyyən təzyiq elementlərini özündə ehtiva etdiyini söyləyə bilərik: "Azərbaycanın Gömrük İttifaqı məsələsində sırf milli maraqlardan çıxış edərək fərqli mövqedə dayanması, heç şübhəsiz, Rusiyanı qane etmir. Azərbaycanı da işğalçı Ermənistanla eyni qurumda təmsil olunmaq və onunla iqtisadi əlaqələr qurmaq perspektivi qane etmir. Rusiyanın Ermənistanın aqressiyasına son qoymaqla bağlı atacağı real addımların Azərbaycan tərəfdən də müsbət dəyərləndiriləcəyi ilə bağlı mümkün versiyaları gərək forpostun sahibi hesablaya bilsin. Bunun üçün nə məşhur riyaziyyatçı, nə də siyasətin patriarxı olmağa ehtiyac var".
İntizarə MƏMMƏDOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB