Bahar Muradova: “Azərbaycanın müstəqil iradəsi və siyasəti açıq-aydın ortadadır” MÜSAHİBƏ

“Azərbaycan Avropa üçün nə qədər maraqlıdırsa, Avropa da ölkəmiz üçün bir o qədər maraqlıdır”
Bahar Muradova: “Azərbaycanın müstəqil iradəsi və siyasəti açıq-aydın ortadadır” MÜSAHİBƏ

Yeni Azərbaycan Partiyasının (YAP) İdarə heyətinin üzvü, Milli Məclisin Sədr müavini Bahar Muradovanın SƏS TV-yə müsahibəsi:

- Bahar xanım, noyabrın 28-29-da Litvanın paytaxtı Vilnüsdə Avropa İttifaqının III "Şərq tərəfdaşlığı" Sammiti keçirildi. Sammitin ölkəmizin üçün əhəmiyyəti başlıca olaraq nədən ibarət oldu?

- Bu Sammit, Avropa İttifaqı ilə Azərbaycan arasında xeyli müddət davam edən prosesin müəyyən bir mərhələsininin yekunu, eyni zamanda növbəti mərhələnin başlanğıcı kimi dəyərləndirilməlidir. Biz, bu Sammit çərçivəsində Avropa İttifaqı ilə şengen vizasının sadələşdirilməsi haqqında sənəd imzaladıq və ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycanın bu istiqamətdəki mövqeyini bir daha ortaya qoydu. Bununla belə Sammit çərçivəsində dövlət başçısı burada bir sıra ikitərəfli görüşlər keçirdi. Hesab edirəm ki, bu Sammit Azərbaycan üçün kifayət qədər uğurlu və yadda qalan oldu. İmzalanan bu saziş Azərbaycan vətəndaşlarının Avropa ölkələrinə və yaxud digər yerlərə səfərlərini və viza rejiminin sadələşdirməsini nəzərdə tuturdu.Təbii ki, bu da bir sıra mövcud bürokratik əngəllərin aradan qaldırılmasını və s. tənzimləməklə yanaşı, eləcə də ikitərəfli münasibətlərin növbəti mərhələsi üçün münbit xidmətin yaradılmasına zəmin yaradır.

- Sammit çərçivəsində Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyevlə, Serj Sarksiyanın Vyanada keçirilən görüşünə də toxunuldu və iki illik fasilədən sonra bu görüşün keçirilməsinin əhəmiyyətli olduğu diqqətə çatdırıldı.

- Əlbəttə, bizim bütün təmaslarımız, beynəlxalq miqyasda keçirdiyimiz görüşlər, iştirak etdiyimiz tədbirlər və imzaladığımız sənədlər başlıca olaraq, Azərbaycan dövləti və onun milli maraqlarını nəzərdə tutmaqla yanaşı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün də bir vasitə rolunu oynayır. Bu mənada hesab edirəm ki, III "Şərq tərəfdaşlığı" Sammitində bu məsələnin gündəmə gətirilməsi Avropa Birliyinin də münaqişənin həllinə biganə yanaşmamasından və bu məsələnin həllinə ciddi maraq göstərməsindən xəbər verir. Çünki, heç də təsadüfi deyil ki, bütün Avropa rəsmiləri regionda və Qərb ölkələrində təhlükəsizliyin, birgə yaşamaq üçün manelərin aradan qaldırılmasının təmin olunması istiqamətində, eləcə də iqtisadi, enerji əlaqələrinin tam mənada həyata keçirilməsi üçün bu tip münaqişələrin, o cümlədən Dağlıq Qarbağ münaqişəsinin həll olunmamasını hər zaman zərərli bir hal kimi qeyd ediblər. Onlar dəfələrlə vurğulayırlar ki, bu kimi hallar tez bir zamanda aradan qaldırılmalıdır. Əlbəttə, bunları vurğulamaqla yanaşı, münaqişənin aaradan qaldırılması üçün ciddi addımların atılmasına ehtiyac var. Təbii ki, bu addımların atılması üçün Avropa İttifaqı kifayət qədər təsir göstərə bilər. Əgər nəzərə alsaq ki, həm Azərbaycan Prezidenti, həm də Ermənistan prezidenti bu görüşün keçirilməsini və onun məzmununu müsbət dəyərləndiriblər. Bu, bizi bir qədər nikbin ruha kökləyir. Bu mənada hesab edirəm ki, Avropa Birliyi də öz imkanlarından maksimum yararlanmalıdır. Çünki, Aərbaycan bu gün Avropa ilə viza sazişini imzalayıb. Təbii ki, bu, bir sıra əngəlləri aradan qaldıracaq. Əlbəttə, tam olaraq inteqrasiya və qarşıda duran hədəflərə çatmaq üçün çox ciddi qarşılıqlı yardıma ehtiyac var. Azərbaycan Avropa üçün nə qədər maraqlıdırsa, Avropa da ölkəmiz üçün bir o qədər maraqlıdır. Biz bütün beynəlxalq təşkilatlarla bərabərhüquqlu, ikitərəfli münasibətlərə üstünlük veririk. Azərbaycanın müstəqil iradəsi və siyasəti açıq-aydın ortadadır. Məhz ölkəmizin bu müstəqil siyasəti də onun mövqeyi ilə getdikcə daha çox dairələrin hesablaşmasına gətirib çıxarır. Bu mənada hesab edirəm ki, bizə həmin Sammitdə qəbul olunan qərarların, imzalanan sazişlərin bu tip münaqişələrin aradan qaldırılması istiqamətində prosesə implus verəcəyini gözləmək qalır.

- Bu gün Rusiya prezidenti Vladimir Putin Ermənistana səfər edəcək, həmkarı Serj Sarksiyanla görüşəcək. Onlar Gömrük İttifaqı və Vahid İqtisadi Məkana Ermənistanın qoşulması məsələlərini müzakirə edəcəklər. Ümumiyyətlə, burada hansı gizli məqamlar müzakirə oluna bilər?

- Prosesin görünən tərəfi ondan ibarətdir ki, Ermənistan Avropa ilə qapıları bağlamadığını bəyan etsə də, amma daha çox Rusiya ilə açıq qapı siyasəti aparır. Əlbəttə, bu, həmin ölkənin öz seçimidir. Biz bu ölkələrin seçiminə hər hansı şərh vermək fikrindən uzağıq. Ölkələr, xalqlar və dövlətlər öz qarşısına qoyduğu hədəflərə hansı yolla çatmağı seçməkdə tam sərbəstdirlər. Əsas olan isə odur ki, bu yolların seçimində, verilən bəyanatlarda səmimi olasan və öz dövlətinin iradəsini yerinə yetirəsən. Təbii ki, bu, onların öz işidir. Çünki, Rusiya uzun illər Azərbaycana qonşu olan ölkədir. Zamanında biz Sovet İttifaqında birgə fəaliyyət göstərmişik. Biz istər Rusiya, istərsə də onun iştirakı ilə yaradılan qurumlarla, eləcə də Avropa ölkələri və onların yaratdıqları qurumlarla bərabərhüquqlu münasibətlərimizdə hər zaman Azərbaycan dövlətini və onun maraqlarını üstün tuturuq. Təbii ki, müstəqil yeridilən siyasətin də əsas hədəfi ondan ibarətdir ki, Azərbaycan heç bir dövlətüstü qurumların yaradılmasında maraqlı deyil. Biz Rusiya-Ermənistan münasibətlərinin yaxşı müstəvidə davam etdiyini görür və bilirik. Burada təzə heç bir şey yoxdur. Təbii ki, ortada Dağlıq Qarabağ münaqişəsi olmasaydı, bu bizi bir o qədər də narahat etməzdi. Çünki, biz özümüz bizi əhatə edən ölkələrlə daim çox isti, səmimi və mehriban qonşuluğa əsaslanan münasibətlər qururuq. Dağlıq Qarabağ münaqişəsi ortada olduğu üçün Rusiya-Ermənistan münasibətlərindəki bəzi cəhətlər, xüsusilə hərbi sahədə onların daha çox yaxın olması, işğalçı ölkənin Rusiyadan təmənnasız olaraq silah alması daim Azərbaycan ictimaiyyətini narahat edib. Lakin bunlara rəğmən Azərbaycan-Rusiya münasibətləri elə bir yüksək səviyyədədir ki, düşünmürəm ki, Ermənistanla bizə yüksək səviyyədə görünən münasibətlər onun da səviyyəsinə mənfi cəhətdən təsir göstərsin. Ermənistana kənardan nə qədər iqtisadi yardımlar və s. olsa belə, işğalçı ölkə Azərbaycanla müqayisədə həddən artıq gücsüz, zəif və müstəqil siyasəti olmayan ölkədir. Ermənistanın ölkəmizin ərazisini işğal altında saxlamasına rəğmən, Azərbaycan bu ölkə ilə digər ölkələrin münasibətlərinə qısqanclıq etmədən ölkəmizə dost olan, onun həqiqətlərini qəbul edən və dövlətimizin ədalətli mövqeyini müdafiə edən ölkələrin dairəsini daha çox genişləndirməklə və dostlarının sayını artırmaqla məşğuldur. Hesab edirəm ki, bu, yeganə düzgün siyasətdir.

Bütün xəbərlər Facebook səhifəmizdə