Fəzail Ağamalı: ““Milli Şura” ölüb, belə bir qurum yoxdur artıq” AÇIQLAMA

“Azərbaycan sammitdə diplomatik uğura möhür vurdu”

""Milli Şura" adlanan qondarma qrup Azərbaycanda dayaqları olmadığına görə prezident seçkilərindən sonra artıq çöküb". Bu sözləri SİA-ya Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı müxalifət düşərgəsində baş verənlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, "Milli Şura"dakılar bu qurumu müxtəlif yollarla, bir-birilərinə söz atmaqla gündəmə gətirməyə çalışırlar: "Onlar olmayanı, ölünü yenidən diriltməyə çalışırlar. "Milli Şura" ölüb, belə bir qurum yoxdur artıq. Onlar bu cür sözlərlə qəsdnən narazılıq yaradıb, ictimaiyyətə buraxırlar ki, yenidən gündəmə gəlib müzakirə obyektinə çevrilsinlər".

F.Ağamalı həmçinin bildirib ki, "Milli Şura" Azərbaycan cəmiyyətinin sosial sifarişi deyildi: "Milli Şura Azərbaycan cəmiyyətinin içərisindən doğan, Azərbaycan xalqının maraqlarına xidmət edən bir layihə deyildi. Bu, kənardan yaradılan bir layihə idi və bu layihə tarixin arxivinə göndərildi. Bundan sonra yaranan vəziyyətdən istifadə edən Müsavat ilə Xalq Cəbhəsi partiyaları öz məğlubiyyətlərini sığortalamaq və öz gələcək siyasi fəaliyyətlərinə müəyyən yer saxlamaq üçün Cəmil Həsənlini irəli sürdülər və onun kölgəsində dayanaraq onu qurbanlıq kimi Milli Şuranın namizədi etdilər. Məsələnin mahiyyəti budur və nəticə etibarilə Milli Şura artıq yoxdur".

Açıqlaması zamanı 28-29 noyabrda Vilnüsda "Şərq Tərəfdaşlığı" ölkələri arasında keçirilən Sammitin ölkəmiz üçün əhəmiyyətindən danışan F. Ağamalı bildirib ki, Azərbaycan sammitdə uzun müddət gedən proseslərdən sonra diplomatik uğura möhür vurdu: "Ölkəmiz sammitdə heç bir təzyiq olmadan, xüsusi yanaşmalardan fərqli, dövlət maraqlarımıza uyğun olaraq addımını atdı və viza rejiminin tətbiqi ilə bağlı saziş imzaladı. Qalan digər iki saziş haqqında öz mövqeyini bildirdi. Qeyd edildi ki, Avropa Birliyi ilə digər iki sazişin bağlanması, Azərbaycan üçün hər hansı bir üstünlük gətirmir".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...