PA rəsmisi: “Azərbaycan "Şərq tərəfdaşlığı"nın ən mühüm dövlətlərindəndir”

PA rəsmisi: “Azərbaycan "Şərq tərəfdaşlığı"nın ən mühüm dövlətlərindəndir”

"Hesab edirəm ki, noyabrın 28-29-da Litvanın paytaxtı Vilnüsdə Avropa İttifaqının "Şərq tərəfdaşlığı" Sammiti çox mühüm (Avropa İttifaqının özünün həyatında da) bir hadisə idi. Digər tərəfdən isə bu, "Şərq tərəfdaşlığı" çərçivəsində fəaliyyət göstərən Avropa İttifaqı ilə əməkdaşlıq edən dövlətlər üçün uğurlu addım idi". SİA-nın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Azərbaycan Prezidenti Administrasiyası (PA) rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

PA-nın xarici əlaqələr şöbəsinin müdiri deyib ki, bu Sammit Azərbaycan üçün çox mühüm hadisə idi: "Tədbiri əsas etibarı ilə Litvanın prezidenti Dalya Qribauskayte aparırdı. Bununla belə Avropa İttifaqının, Avropanın bütün dövlətlərinin, eləcə də "Şərq tərəfdaşlığı"na üzv olan dövlətlərin rəhbərləri də orada iştirak edirdi. Bu barədə ən azından iki istiqamətdə danışmaq olar. Birincisi, bu illər ərzində Azərbaycan "Şərq tərəfdaşlığı"nın ən mühüm dövlətlərindən, üzvlərindən biri olub. Azərbaycan-Aİ ilə bütün sahələrdə mühüm əməkdaşlığa imza atıb. Ümumiyyətlə, Azərbaycanın Avropa və Aİ-yə üzv olan dövlətlərlə həm ikitərəfli, həm də bir qurum kimi əməkdaşlığı bütün dövlətlərin hər birindən əhatəsinə görə, (beynəlxalq terrorizmə qarşı mübarizə, təhlükəsizlik, mədəniyyət sahəsində, sərmayyə qoyuluşunda və s.) tamamilə fərqlənir. Bunların hər biri uğurlu əməkdaşlığın mövcudluğundan xəbər verir. Amma müəyyən mənada Azərbaycanı bu əməkdaşlıqda başqa dövlətlərdən fəqləndirən cəhət onun bu əməkdaşlığı özünün milli və dövlətçilik maraqlarına uyğun aparmasındadır. Təbii ki, bunun da müsbət tərəfi ondan ibarətdir ki, bütün hallarda qarşı tərəf bunu başa düşür. Azərbaycan Prezidenti cənab İlham Əliyev də "Şərq tərəfdaşlığı" Sammitində çox fəal iştirak etdi. Bunu Litva prezidenti Dalya Qribauskayte və Aİ-nin rəhbərləri də gözəl bir addım kimi qarşıladı".

PA rəsmisi bildirib ki, sammit çərçivəsində iki mühüm tədbir keçirildi: "Bunlardan biri sənədlərin imzalanması, digəri isə plenar iclas idi. Cənab Prezident İlham Əliyevin həmin plenar iclasda əməkdaşlıqla bağlı geniş nitqi oldu. Sənədlərin imzalanması mərasimində isə Azərbaycan dövlətinin çox gözəl bir təqdimatı (bayraq, şəkil, musiqi və s.) oldu. Həmin sammitdə çox mühüm hadisələrdən biri ikitərəfli görüşlərin keçirilməsidir. Azərbaycan Prezidenti İlham Əliyev həmin sammit çərçivəsində 10-a yaxın görüş keçirdi. Bütün görüşlər isə qarşı tərəfin arzu, istəyi və təşəbbüsü ilə olub. Dövlət başçısı burada Fransa prezidenti Fransua Ollandla, Birləşmiş Krallığın və İspaniyanın baş nazirləri ilə, eyni zamanda bir çox dövlətin rəhbərləri ilə görüşlər keçirdi. Təbii ki, bu görüşlərin özü də çox böyük əhəmiyyət kəsb edir. Burada bütün dövlətlərin rəhbərləri Azərbaycanla əməkdaşlığı çox uğurlu proses hesab edirlər. Onlar dövlətimizlə bütün sahələrdə əməkdaşlıqda maraqlıdırlar. Biz də bunu qeyd etməyə borcluyuq".

Bütün xəbərlər Facebook səhifəmizdə