Novruz Məmmədov: “Dağlıq Qarabağ münaqişəsinin həllinə maraq daha çox artıb” AÇIQLAMA
"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmasına maraq əvvəlki dövrə nisbətən daha çox artıb". SİA-nın əməkdaşının verdiyi məlumata görə, bunu Azərbaycan Prezidenti Administrasiyası (PA) rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Vilnüsdə keçirilən "Şərq Tərəfdaşlığı" sammitində təşkilat rəhbərlərinin Ermənistan və Azərbaycan prezidentlərinin Vyanada keçirilən görüşünü təqdirəlayiq hal kimi dəyərləndirməsinə münasibət bildirərkən deyib.
PA rəsmisinin sözlərinə görə, Avstriyanın paytaxtı Vyanada Azərbaycan Prezidenti İlham Əliyevlə, Ermənistan prezidenti Serj Sarkisyan arasında baş tutan bu görüş iki illik fasilədən sonra reallaşdırıldı: "Hesab edirəm ki, bu görüşü müsbət, pozitiv adlandırmaq olar. Ən azından ona görə ki, tərəflər ATƏT-in Minsk qrupunun həmsədrləri ilə birlikdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların davam etdirilməsinin vacibliyini vurğuladılar. Təbii ki, bunun özü artıq müsbət bir hadisə kimi qeyd olunmalıdır. İki il ərzində heç bir danışıq baş tutmurdu. Hesab edirəm ki, danışıqlar zamanı irəliləyişə nail olmaq olar".
Novruz Məmmədov deyib ki, hətta Ermənistan mətbuatı bu görüşdən sonra özlərinin fəal, konstruktiv mövqedə olduqlarını, eləcə də Serj Sarkisyanın xoş əhval-ruhiyyədə olmasını və s. qeyd edib: "Təbii ki, bu, məndə bir qədər şübhə doğurdu. Düşünürəm ki, bu, Ermənistanın iki illik fasilədən sonra növbəti yalanı idi ki, özlərini burada da haqlı çıxarmağa çalışırdılar. Bu, işğalçı ölkə tərəfindən gözlənilən addım idi . Avropa İttifaqının rəhbərləri ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında Vilnüsdə keçirilən görüşdə də birmənalı şəkildə qeyd olundu ki, Avropanın da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində daha fəal iştirakına ehtiyac var".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB