Mətbuat xalqının maraqlarını müdafiə etməlidir

Mətbuat xalqının maraqlarını müdafiə etməlidir

Müsahibimiz "İki sahil" qəzetinin baş redaktoru, Əməkdar jurnalist Vüqar Rəhimzadədir

- Vüqar müəllim, "Jurnalistlərin dostu" mükafatına layiq görülən Prezident çıxışında Azərbaycanda müstəqil medianın olduğunu xüsusi vurğulayıb. Eyni zamanda, daha öncəki çıxışında medianı ikinci hakimiyyət adlandırıb. Sizcə, mediamız gələcək illərdə ikinci hakimiyyət kimi özündə hansı ehtivaları əks etdirəcək?

- Demokratik cəmiyyətdə yaşayırıq. Bu cəmiyyətin əsas atributlarından biri də söz, mətbuat azadlığının təmin olunması, azad medianın formalaşmasıdır. Dövlətimizin bu istiqamətdə atdığı addımlara diqqət yetirsək, azad mətbuatın inkişafının prioritet məsələ olduğunu aydın görərik. "Azərbaycanda söz azadlığı maksimum dərəcədə təmin edilir. Bu, belə də olmalıdır. Çünki biz müasir dövlət qururuq, biz inkişaf etmiş ölkəyə çevrilməliyik və belə olan halda bütün meyarlar Azərbaycanda yüksək səviyyədə olmalıdır". Dövlət başçısı İlham Əliyevin söylədiyi bu fikirlər Azərbaycan mətbuatının keçdiyi inkişaf yolunun təhlili, eyni zamanda qarşıda dayanan vəzifələrin müəyyənləşdirilməsi kimi dəyərləndirilməlidir. Bu ənənənin əsası məhz Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. 1998-ci ilin 6 avqustunda "Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında" fərmanın imzalanması ilə ölkəmizdə azad mətbuatın inkişafında yeni bir mərhələnin başlanğıcı qoyuldu. Sonrakı dövrlərdə atılan biri-birindən əhəmiyyətli addımlar bu prosesi daha da sürətəndirdi. Ən mühüm yeniliklərdən biri kimi 2003-cü ilin martında Azərbaycan jurnalistlərinin I qurultayında mətbuata özünütənzimləmə imkanlarını yaradan qurumun - Mətbuat Şurasının yaradılmasını qeyd edə bilərik. Dövlət başçısı İlham Əliyevin sərəncamı əsasında "KİV-lərin inkişafına Dövlət Dəstəyi Konsepsiyası"nın qəbulu, bu sənəd əsasında KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması kimi mühüm addımlar da azad mətbuatın inkişafına xidmət edir. Bu gün böyük əminliklə qeyd edə bilərik ki, mətbuat çox sərbəstdir, azaddır. Bu da o deməkdir ki, söz azaddır, fikir azaddır.

- Tədbirdə qəzetlərin satışı, onların maddi texniki bazasının gücləndirilməsi ilə bağlı ölkə başçısının çıxışı mətbuatda hansı nəticələrə gətirib çıxaracaq?

- Bu gün ölkədə xeyli sayda müstəqil mətbu orqan və informasiya agentlikləri, müstəqil elektron KİV-ləri, jurnalist təşkilatlarının azad fəaliyyət göstərməsi üçün hər cür demokratik şərait var. Heç bir mətbu orqana qarşı qərəz yoxdur. Cəmiyyətin güzgüsü kimi dəyərləndirilən mətbuatın əsas prinsipləri də obyektivlik, qərəzsizlik, vətənpərvərlik olmalıdır. Bu üç amilin vəhdəti fonunda daha dolğun, ölkənin bu günü və gələcəyi üçün daha önəmli məsələlərin müzakirəsinə və həllinə xidmət edən yazılar ortaya çıxacaq.

- Sizcə, Cənab İlham Əliyevin medianı ikinci hakimiyyət kimi dəyərləndirməsi nədən qaynaqlanır?

- Dövlət başçısı İlham Əliyevin medianı ikinci hakimiyyət kimi dəyərləndirməsi də səbəbsiz deyil. Kütləvi informasiya vasitələrinə dövlət dəstəyinin əsas məqsədi müstəqil, peşəkar, rəqabətədavamlı, eyni zamanda milli şüur və vətənpərvərlik prinsiplərinə dönmədən əməl edən media resurslarının formalaşdırılmasıdır. Qlobal informasiya məkanının beynəlxalq ictimai rəyə təsirinin gücləndiyi müasir dövrdə mətbuatımız Azərbaycan xalqının maraqlarını daim müdafiə etməli, cəmiyyətimizin tərəqqisinə, dövlətimizin nüfuzunun daha da yüksəlməsinə öz töhfəsini əsirgəməməlidir. Düşünürəm ki, bu prinsipləri özündə ehtiva edən mətbuatımız gələcək illərdə mövqeyini daha da möhkəmləndirəcək.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə