Azərbaycan və Türkiyənin hakim partiyalarının gəncləri görüşüb

Azərbaycan və Türkiyənin hakim partiyalarının gəncləri görüşüb

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin rəhbərliyi ilə Türkiyənin hakim partiyası Ədalət və İnkişaf Partiyasının (AKP) Gənclər qanadının rəhbərliyi ilə görüş keçirilib. SİA-nın məlumatına görə, təfbirdə YAP GB-nin rayon təşkilatlarının sədrləri, fəal gənclər iştirak ediblər.

YAP GB-nin sədri Seymur Orucov Azərbaycan və Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərindən, eyni zamanda münasibətlərin strateji əməkdaşlığa çevrilməsindən danışıb. Bildirib ki, Türkiyə ilə Azərbaycanın münasibətləri nə qədər yaxşı olarsa, regionun sabitliyinə öz tövhəsini vermiş olacaq: "Hər iki dövlət münasibətlərin güclənməsində, əməkdaşlıqda maraqlıdır. Bütün sahələrdə olduğu kimi Dağlıq Qarabağ məsələsinin həllində də Türkiyənin yanımızda olmasından heç bir şübhəmiz yoxdur".

Çıxış edən Ədalət və İnkişaf Partiyasının Gənclər qanadının sədr müavini Əmrə Cəmil Ayvalı da iki dövlət arasındakı münasibətlərin inkişafından danışıb. Bildirib ki, dövlətlər maraqlarına görə dost və və ya düşmənə çevrilə bilirlər, ancaq Türkiyə Azərbaycana hər zaman qardaş gözü ilə baxıb və bu qardaşlıq əbədiyaşardır.

Tədbirdə hər iki partiyanın gənclər qanadı arasında birgə komissiyaların yaradılması məsələsinə toxunulub, əhəmiyyəti vurğulanıb. Qeyd edilib ki, yaxın gələcəkdə Türkiyə və Azərbaycan tələbələrinin mübadilə proqramının icrasına başlanılacaq və bu proqram hər iki dövlət üçün əhəmiyyətli olacaq.

Tədbirin sonunda hər iki partiyanın gənclər qanadının rəhbərləri bir-birinə xatirə hədiyələri bağışlayıblar.

Sonda xatirə şəkli çəkilib.

Bütün xəbərlər Facebook səhifəmizdə