Rauf Arifoğlu Müsavat Partiyasından İMTİNA ETDİ

"Mənə Müsavatla bağlı sual verməyin"
Rauf Arifoğlu Müsavat Partiyasından İMTİNA ETDİ

Müsavat Partiyasının gözlənilən qurultayında yeni başqanın seçilməsi məsələsi partiyadaxili aktual mövzuya çevrilib. Qeyd edək ki, başqanlığa iddialıların da sayı artmaqda davam edir. Partiyanın Mərkəzi İcra Aparatı rəhbəri Arif Hacılının, Ali Məclis sədri Arzu Səmədbəylinin ardınca Divan üzvü Tural Abbaslının, eləcə də İsa Qəmbərin müşaviri Səxavət Əlisoyun da başqanlıq postuna iddialarını irəli sürmələri Müsavat daxilində yeni gərginliyə səbəb olub.

Lakin Müsavat Partiyası kuluarlarında "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlunun da sözügedən posta potensial namizəd olması ehtimalları səsləndirilməkdədir.

Rauf Arifoğlu SİA-ya verdiyi eksklüziv açıqlamasında bu məqama toxunaraq bildirib ki, artıq Müsavat Partiyası ilə bağlı heç bir açıqlama vermir: "Mən Müsavatla bağlı heç nə deyə bilməyəcəyəm. Müsavat Partiyası ilə bağlı açıqlama vermirəm. Ümumiyyətlə, mənə Müsavatla bağlı sual verməyin".

Müsavat Partiyasına xüsusi yaxınlığı ilə seçilən baş redaktorun aqressiv tonda danışması da diqqətdən yayınmayıb. Bu səbəbdən belə qənaətə gəlmək mümkündür ki, Rauf Arifoğlu Müsavat Partiyasından imtina edib və partiyada baş verən məsələlərlə bağlı açıqlamalar ilə çıxış etmir.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə