"Reallıq budur ki, bu gün Azərbaycanın siyasi meydanında bir mötəbər, sanballı və çox güclü partiya mövcuddursa, o da Yeni Azərbaycan Partiyasıdır. Partiyanın üzvləri sırasında dövlət xadimləri, ziyalılar, tanınmış insanlarla yanaşı, gənclər də çoxluq təşkil edir. Biz gənclərin bu partiyaya üstünlük verməyimizin əsas səbib isə odur ki, onun potensialı və perspektivləri çox yüksəkdir və YAP-a üzv olmaqla bizlər Azərbaycanın gələcəyinin qurucuları sırasına daxil oluruq, bu işi həyata keçirənləri inadla dəstəklədiyimizi bildiririk". Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının fəal gənci, yazar Leyla Namazova deyib.
"Ötən il YAP və ümumilikdə ölkəmiz üçün çox əlamətdar bir il oldu. Belə ki, Azərbaycanın müstəqilliyinin 21-ci, Yeni Azərbaycan Partiyasının isə 20 illiyi təntənəli şəkildə qeyd olundu. Hər iki tarix bir-birinə çox sıx bağlıdır. Ötən dövr ərzində YAP-ın fəaliyyəti həyata keçirdiyi tədbirlərlə, layihələrlə daha da zənginləşdi. Partiya fəaliyyətini, beynəlxalq əlaqələrini daha da genişləndirdi, ətrafına yeni-yeni vətənpərvər insanları cəlb etdi. Bütün bunların hamısı əslində həm də ölkənin inkişafına istiqamətlənmiş tədbirlərin tərkib hissəsi hesab olunmalıdır. Unutmaq lazım deyil ki, YAP-ın ən önəmli və ən birinci məqsədi Azərbaycanı inkişaf etdirmək, onu gücləndirməkdir. Partiya üzvlərinin hamısı bu məqsədin ətrafında sıx birləşərək ümumi işimizə dəstək olmağa çalışırlar. Baş tutan tədbirlər sırasında humanizm xarakteri daşıyan layihələr xüsusi yer tutur. Belə tədbirlər həm də milli-mənəvi dəyərlərimizə ehtiramı ifadə edir. İnsanpərvərlik, ehtiyacı olanlara qayğı və diqqət milli keyfiyyətlərimizdən gələn xüsusiyyətlərdir. Partiya bu xüsusiyyətlərə ictimai xarakter verərək özünün humanistlik və xoş məramını bir daha göstərir. YAP-ın bütün üzvləri, eyni zamanda Azərbaycan xalqının böyük əksəriyyəti dövlət başçısı cənab İlham Əliyevin daxili və xarici siyasətini, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın ölkəmizdə həyata keçirdiyi humanist tədbirləri dəstəkləyir. Çünki ölkəmizdə həyata keçirilən bütün layihələr insanlara bir çağırışdır ki, hər zaman qayğıkeş, mehriban və mərhəmətli olsunlar. Dövlət başçımız tərəfindən idarəetmədə bu cür yanaşmanın tətbiq olunması cəmiyyətimizdə milli-mənəvi keyfiyyətləri yüksəldir. YAP-n əsas siyasi xətti də qüdrətli, müstəqil Azərbaycanı gücləndirməklə yanaşı, milli-mənəvi dəyərlərimizi qoruyub saxlamaq, nəsildən-nəsillərə ötürməkdən ibarətdir.
Yeni Azərbaycan Partiyası XX əsrin 90-cı illərinin əvvəllərində, ölkədə yaranmış mürəkkəb ictimai-siyasi şəraitdə siyasi meydana gəlib. Bu illər ərzində tez-tez hakimiyyət dəyişiklikləri və daxili siyasi qarşıdurmanın dərinləşməsi nəticəsində ölkədə böhran vəziyyəti qorxulu həddə çatmışdı. Belə bir ağır zamanda xalqımız ümid yeri axtarır, xilaskarın kim ola biləcəyini düşünürdü. Təbii ki, bu insan ancaq dünya səviyyəli siyasətçi və dövlət xadimi, o dövrdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri vəzifəsində çalışan ümumxalq sevgisinə və hörmətinə malik olan Heydər Əliyev idi. Bu səbəbdən də Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında yeni siyasi partiya yaratmaq istəyi ilə 1992-ci ilin oktyabrında ziyalılar mətbuat vasitəsilə ona müraciət ünvanladılar. Partiyanın konfransı 21 noyabr 1992-ci ildə qədim diyarımız Naxçıvanda keçirildi və Ulu öndər Heydər Əliyev YAP-ın sədri seçildi. Beləliklə, Azərbaycanda güclü və sağlam dayaqlara söykənən bir partiyanın əsası qoyuldu. Partiya qısa müddətdə geniş şöhrət qazanaraq, sağlam qüvvələri öz ətrafında birləşdirə bildi. 1993-cü ildə partiyanın Sədri Heydər Əliyevin prezident seçilməsi ilə YAP-ın həyatında yeni dövrün əsası qoyuldu. Partiyanın statusu yeni şəraitə uyğun olaraq dəyişdi və bundan sonra o, iqtidar partiyasına çevrilərək ölkədə dövlət quruculuğu prosesində yaxından iştirak etdi.
Yeni Azərbaycan Partiyasının 1999-cu ilin dekabrında və 2001-ci ilin noyabrında keçirilən I və II qurultaylarında vacib qərarlar qəbul edildi. YAP-ın II qurutayında partiyanın nizamnaməsinə dəyişikliklər edilib və yeni təsis olunan sədrin birinci müavini vəzifəsinə yekdilliklə cənab İlham Əliyev layiq görüldü. Qurultay partiyanın rəhbər orqanlarını – 108 nəfərdən ibarət Siyasi Şura üzvlərini və onların arasından 26 nəfərdən ibarət İdarə Heyətini seçmişdir. YAP bu gün də hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu ideyalarını həyata keçirmək, ölkədə sivil dəyərlər, demokratik prinsiplər əsasında hərtərəfli inkişafa nail olmaq, insan hüquq və azadlıqlarının təminatı, liberal dəyərlərə söykənən güclü və sosial yönümlü iqtisadiyyat, sosial ədalət və hər bir Azərbaycan vətəndaşının təminatlı rifahı uğrunda mübarizə aparır.
Ulu öndərimiz xalqımıza özü kimi əzəmətli, hərtərəfli xarici siyasət yeridən İlham Əliyev kimi sadiq davamçı bəxş etdi. Bu gün Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin ölkədə həyata keçirdiyi daxili və xarici siyasət məhz Ulu öndər Heydər Əliyev siyasətinin davamıdır. Bu gün dünyanın inkişaf etmiş, demokratik prinsiplərinə sadiq olan hüquqi dövlətlər sırasında mühüm yerə malik olan Azərbaycanın müstəqilliyinin qorunmasında və inkişaf etdirilməsində YAP-ın xidmətləri danılmazdır. YAP Azərbaycan dövləti ilə paralel fəaliyyət göstərib, inkişaf edib. O baxımdan da tariximizdə əldə olunan bütün nailiyyətləri, həm də YAP-nın uğurları kimi geyd etmək lazımdır. Beləliklə də, son 21 il ərzində möhtəşəm iqtisadi-siyasi uğurlara imza atıldı.
Bu gün ölkəmizə səfər edən hər bir əcnəbi, xarici qonaq, paytaxımızda gedən sürətli inkişafa heyran qalır. Hazırda YAP-ın hər bir üzvü təmsil olunduğu siyasi partiyanın bu inkişafda oynadığı xüsusi roldan qürur hissi keçirir. Bu gün YAP ümumxalq partiyasına çevrilib və onun üzvlərinin sayı 600 mini keçmişdir. Partiyanın gücü tək onun üzvlərinin sayında deyil, həm də xalqın bu partiyaya sevgisindən, inamından irəli gəlir. Belə bir partiyanın mövcudluğu isə ozü böyük uğurdur və gələcəyə inamdır. Bütün bunlarla yanaşı, YAP hazırda MDB məkanının ən böyük siyası təşkilatlardan biridir, partiyanın beynəlxalq əlaqələri çox genişdir, müxtəlif ölkələrin hakim partiyaları ilə mehriban münasibələri vardır. Bu da onu göstərir ki, YAP regionda və dünyada çox böyük siyasi nüfuza malikdir.
1995-ci ildə YAP-ın Qadınlar Şurası və Gənclər Birliyi təsis olundu. Bu gün partiyanın tərkibində qadınlar 49 faizlə təmsil olunurlar. Qadınlar Şurası daima yığıncaqlar keçirir və partiyada olan müxtəlif məsələri müzakirə edirlər. YAP Gənclər Birliyi vasitəsilə Azərbaycan gəncləri Azərbaycanın siyasi həyatında artıq öz sözlərini deyə biliblər və bu gün onlar ölkənin gənclər siyasətinin aparıcı qüvvəsidir. Fəxrlə deməliyik ki, artıq Gənclər Birliyinin üzvlərinin fəallığı, ictimai aktivliyi günü-gündən artır. YAP Gənclər Birliyi digər ölkələrdəki gənclər təşkilatları ilə sıx əməkdaşlıq edir, ikitərəfli görüşlər, birgə layihələr həyata keçirir.
Həyata keçirilən uğurlu və gələcəyə hesablanmış siyasət nəticəsində Azərbaycan dünyanın ən gözəl, abad, inkişaf etmiş ölkələrindən birinə çevrilib. Bunu təkcə paytaxt Bakıya yox, bütünlüklə şəhər və rayonlarına aid etmək olar. Yeni iş yerlərinin açılması, əhalinin problemlərinin vaxtında çözülməsi, insanların yaşayışının yaxşılaşması buna əyani sübutdur. Artıq Azərbaycan dünyada öz sözünü deyən bir dövlətə çevrilib. Beynəlxalq konfranslarda dövlətimizlə hesablaşan güclər artıq reallığı qəbul etməyə başlayıblar. Turistlərin Azərbaycana axını da ölkəmizin beynəlxalq aləmdəki imicindən xəbər verir. Gələn turistlərin rayonlarımıza olan marağı bizi sevindirməyə bilməz. Təbii ki, bu yüksəlişin, dinamik inkişafın novatoru Prezident İlham Əliyevdir. Biz də bu nailiyyətlərə görə məhz ona minnətdarıq.
YAP üzvü, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Azərbaycan xalqını dünyada tanıtmaq üçün əsaslı addımlar atır. O, nəinki ölkə daxilində böyük işlər görür, möhtəşəm layihələrin həyata keçirilməsində birbaşa fəaliyyət göstərir, hətta xarici ölkələrdə də Azərbaycan mədəniyyətini, tarixini, incəsənətini, ədəbiyyatını təbliğ edir. Dünyanın çox yerində Mehriban xanımın və onun rəhbəri olduğu Heydər Əliyev Fondunun sayəsində Azərbaycan layiqincə tanınır. Mehriban xanımın təhsil, səhiyyə sahələrinin inkişafındakı xidmətləri də cəmiyyətimiz tərəfindən yüksək qiymətləndirilir.
Qətiyyətlə demək olarki, bu gün YAP-ın nüfuzu gündə-günə artır. Belə bir gözəl ölkədə yaşamaq və belə bir samballı və mötəbər partiyanın üzvü olmaq hamı üçün şərəfli və qürürvericidir. Biz qürurla deyə bilərik ki Azərbaycanda partiyalardan danışanda birinci növbədə bir siyasi partiya göz qabağına gəlir, o da Yeni Azərbaycan Partiyasıdır. Bu 21 il ərzində təşkil etdiyi mötəbər tədbirlər və keçirdiyi müxtəlif bayramlar da bunun sübutdur. YAP-ın ancaq bir məqsədi var: bu millətə, bu xalqa xidmət etmək. Başda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev olmaqla Azərbaycan xalqını inkişafa və çiçəklənməyə doğru aparmağa çalışır. Bu, ulu öndər Heydər Əliyevin siyasi xəttinin davam eydirilməsi nəticəndə mümkün olmuşdur. Biz gənclər, həmçinin bütün xalqımız, Heydər Əliyev yolunun uğurlu davamçısı Prezident İlham Əliyevin ətrafında sıx birləşməli, onu həmişə dəstəkləməliyik.
Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır və daima xalqa xidmət edir, onun milli maraqlarımızın keşiyində durur və möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə xalqımızı daha da işıqlı gələcəyə aparır. Biz inanırıq ki, Azərbaycan gələcəkdə daha böyük uğurlara imza atacaq, xalqımızın yaşayış səviyyəsi daha da yüksələcək, ölkəmizin beynəlxalq aləmdəki səsi daha gur duyulacaq və ən ağrılı problemimiz olan Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn tələbləri çərçivəsində öz həllini tapacaq. Bütün bunları isə yalnız Azərbaycanda ən güclü siyasi təşkilat olan Yeni Azərbaycan Partiyası və onun rəhbəri, Prezident İlham Əliyev reallaşdıra bilər" – deyə, Leyla Namazova sözlərinə əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB