Rəsul Quliyev Cəmil Həsənlinin ABŞ səfərini İFŞA ETDİ

"Nə üçün ABŞ-da kimsə Cəmil müəllimlə gizli görüş keçirməlidir"
Rəsul Quliyev Cəmil Həsənlinin ABŞ səfərini İFŞA ETDİ

Rəsul Quliyevin Milli Şuranı ifşa kampaniyası tam sürəti ilə davam edir. ACP-nin keçmiş lideri bu dəfə Cəmil Həsənlinin ABŞ səfərinə toxunaraq, əslində bir çox faktları üzə çıxarmış olub. SİA-nın məlumatına görə, R.Quliyev C.Həsənli ətrafında süni "mif" yaradanları heç nə düşüncəsizlikdə günahlandırıb və bilavasitə AXCP sədri Əli Kərimlini "saqqallı uşaq" adlandırıb: "AXCP canfəşanlıq edir. Bu saqqallı uşaqlar indiyə qədər yalan danışmağın, hadisələri şişirtməyin mənfi nəticə verdiyini anlamırlar".

Cəmil Həsənlinin ABŞ səfəri ilə bağlı mətbuatda yayılan xəbərləri şərh edərkən onun heç də Konqresdə görüşlər keçirmədiyini iddia edən R.Quliyev bildirib ki, əslində Milli Şuranın prezidentliyə keçmiş namizədi ABŞ-a elmi işlə bağlı səfər edib. Müxalifət isə bu fürsətdən istifadə edərək, həmin səfəri siyasi tərəfə yönləndirməyə cəhd edir: "Düşünürəm ki, Cəmil müəllim özünün elmi fəaliyyəti ilə əlaqədar ABŞ-a gəlib. Qəzetlərdə Cəmil müəllimin Konqresdə çıxış etdiyini və görüşlər keçirəcəyindən yazırlar və qeyd edirlər ki, bəzi mühüm görüşlər media üçün açıqlanmayacaq. Bu yazının normal dildə mənası yuxarı ranqlı şəxslərlə heç bir görüş olmayacaq, bunu ört basdır etmək üçün əvvəlcədən mediaya məlumat verilməyəcək. Yazırıq ki, istənilən vaxt fantastik yalanlar uydura bilək... Nə üçün ABŞ-da kimsə Cəmil müəllimlə gizli görüş keçirməlidir. Məgər o ağlasığmaz informasiyalara malikdir, ya Azərbaycanda hərbi müxalifət var və o da onların başında dayanıb, ya terrorizmin qarşısını dünyada almaq üçün xüsusi gizli proqramı var?"

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə