Musa Quliyev: Ünvanlı sosial yardım yoxsulluğun aradan qaldırılması üçün keçid mərhələdir MÜSAHİBƏ

Musa Quliyev: Ünvanlı sosial yardım yoxsulluğun aradan qaldırılması üçün keçid mərhələdir MÜSAHİBƏ

Millət vəkili Musa Quliyevin SƏS TV- yə müsahibəsi:

- Musa müəllim, bildiyiniz kimi, banklar tərəfindən ipoteka kreditləri verilir. Lakin ipoteka kreditlərində ilkin ödəniş və faiz dərəcəsi ilə bağlı cəmiyyətdə müxtəlif fikirlər səslənir. Ümumiyyətlə ipoteka haqında qanun müzakirəyə çıxarıla bilərmi?

- Ümumiyyətlə, ilk növbədə onu qeyd etmək istəyirəm ki, ipoteka Azərbaycanın tikinti və bank maliyyə sektorunda yeni bir layihədir. Sözügedən layihənin yeni olmasına baxmayaraq o, kifayət qədər uğurla tətbiq olunur və o cümlədən, cəmiyyətdə maraq doğurur. Bildiyiniz kimi, ipoteka kreditləri verilən zaman sosial ipoteka kreditləri üçün 10 milyon manat vəsait ayrılıb. Lakin indi bu məbləğ 40 milyon manata çatdırılıb. Sözügedən məbləğin bundan sonra da artırılması nəzərdə tutulur. Onu da qeyd edim ki, ipotekanın faizləri, müddəti və şərtləri barədə də müəyyən müzakirələr aparılır. Ekspertlərin bir qrupu ipotekanın şərtlərinin yumşaldılması barədə fikir irəli sürürlər. Onların gəldiyi qənaətə görə, ipotekanın hüdudları genişləndirilməli, ilkin ödənişlər aradan qaldırılmalı, faiz dərəcələri aşağı salınmalıdır. Bu irəli sürülən təkliflərin hər birinin özünəməxsus əsasları var. Düşünürəm ki, zaman-zaman ipoteka sistemi bazarda öz yerini möhkəmləndirəcək. Milli Məclisin son iclasında büdcə ilə bağlı müzakirələr gedərkən, Mərkəzi Bakın sədri Elmar Rüstəmov da ipoteka ilə bağlı sualları cavablandırdı. O, tamamı ilə doğru olaraq qeyd etdi ki, iqtisadi prosesləri idarə etmək üçün mütləq bazar nəzərə alınmalıdır. Yəni, ipotekaya gözlənilmədən, əsasız şəkildə kütləvi maliyyə vəsaitinin buraxılması ciddi problemlər yarada bilər. Lakin eyni zamanda ipoteka fondunun vəsaitlərinin genişləndirilməsi üçün digər mənbələrin də axtarılması zəruridir. Hesab edirəm ki, ipoteka aktual məsələdir. Gənc ailələrin və mütəxəssislərin, mənzilə olan tələbatı ipoteka kreditlərinin verilməsi ilə aradan qaldırılmalıdır. Onların bu kredit növündən istifadə etməsi üçün də onun şərtlərinin daha da yüngülləşməsi zəruridir.

İnsanların mənzil probleminin həll edilməsi üçün ipoteka ilə yanaşı eyni zamanda digər layihələr də irəli sürülməlidir. Məsələn, sosial evlərin tikilməsi buna nümunə ola bilər. Bildiyiniz kimi, 2-ci Dünya Müharibəsindən sonra Almaniyada bir çox mənzillər bərbad vəziyyətə düşüb. Bu səbəbdən də bir çox insanlar evlərindən məhrum olmuşdu. Bu zaman Almaniya hökuməti sosial evlər layihəsini həyata keçirməklə bu problemi aradan qaldıra bildi. Digər ölkə olan Sinqapuru misal göstərmək istərdim. Eyni ilə vurğuladığım layihənin reallaşması nəticəsində əhalinin mənzillə təmin olunması problemi həll olundu. Məsələn, qardaş ölkə Türkiyədə də bu layihə olduqca uğurla tətbiq olunub. Belə ki, burada dövlət evləri ya özü tikir, ya da ki sahibkara müəyyən imtiyazlar yaradır ki, ucuz başa gələn evlər tiksin və bu evləri uzun müddət ərzində vətəndaşa kirayə verir. Müəyyən olunan müddət tamam olandan sonra sözügedən evlər vətəndaşın şəxsi mülkinə çevrilir. Düşünürəm ki, ölkəmizdə mövcud olan İslam Bankçılığını da bu işə qoşmaqla problemin həllinə şərait yarada bilərik. Digər bir tərəfdən məlum olduğu kimi, Azərbaycanda ev tikmə səriştəsi və maliyyə vəsaitləri olan sahibkarlar var. Dövlət müəyyən imtiyazlar yaratmaqla onları bu işə cəlb edə bilər. Belə ki, sözügedən sahibkarlara tətbiq edilən vergi dərəcələri azalda bilər və ya bələdiyyə onlara həmin evləri tikmək üçün pulsuz torpaq sahəsi verə bilər. Mənə elə gəlir ki. Milli Məclisdəki sonuncu müzakirələrdən sonra hökumət Nazirlər Kabineti səviyyəsində bu məsələləri bir daha nəzərdən keçirəcək. Bununla da biz tez bir zamanda bu mövzu ilə əlaqədar yeni qərarın qəbul olunmasının şahidi olacağıq.

- Bildiyiniz kimi, dövlət büdcəsindən müxtəlif sahələrə maliyyə vəsaitlərinin ayrılması ilə bağlı məsələ müzakirə olundu. Sizcə, səhiyyə sahəsində vəziyyət necədir?

- Mən deyərdim ki, Azərbaycanın dövlət büdcəsi neçə ildir ki, sosial sahənin maliyyələşməsini ön palana çəkir. əvvəlki illərdə olduğu kimi bu ildə də eyni hal müşahidə olunur. Sosial sahə özü bütövlükdə büdcənin 30 faizini təşkil edir. Sosial sahənin xərcləri 5 milyard 400 milyon manat olacaq. Bu da büdcənin üçdə biri deməkdir. O cümlədən səhiyyə xərcləri də keçən ilə nisbətən 8 faiz artırılacaq. Bu vəsaitin çox hissəsi də səhiyyənin proqramlarla maliyyələşməsinə sərf olunacaq. Bildiyiniz kimi, 12 xəstəlik sosial-ictimai əhəmiyyət daşıyır və onlar xüsusi proqramla dövlət büdcəsindən maliyyələşirlər. Buna şəkər xəstəliyi, onkoloji xəstəliklər, talassemiya, ana və uşağın mühafizəsi, vərəm xəstəliyi, HİV virusu və digər xəstəliklər aid edilir. Yeni qəbul olunan qanuna əsasən yayılmış sklerozun müalicəsi 5 milyon manat vəsait ayrılıb. Bundan sonra səhiyyənin maliyyələşdirilməsi daha optimal üsullarla həyata keçiriləcək. Eyni zamanda icbari tibbi sığortanın tətbiq olunması da gündəmdədir.

- Musa müəllim, büdcənin neftdən gələn gəlirlərdən daha çox formalaşması məsələsi hər zaman gündəmdə olub. Bu barədə nə deyə bilərsiniz?

- Bilirsiniz ki, 2005-ci ildən başlayaraq neft amili Azərbaycan iqtisadiyyatına güclü şəkildə təsir göstərməkdədir. Azərbaycan neft gəlirlərindən səmərəli şəkildə istifadə edir. Dünyanın bir sıra nüfuzlu təşkilatlarının o cümlədən, Beynəlxalq Valyuta Fondunun (BVF) apardıqları müşahidələrə əsasən Azərbaycan neft fondunun vəsaitlərini ən şəffaf şəkildə istifadə edən dövlətdir. Dövlət başçısı qarşıya məqsəd qoyub ki, neft kapitalı insan kapitalına çevrilsin. O cümlədən neft sektorundan əldə olunan vəsait qeyri-neft sektoruna qoyulmalıdır. Bu da sözsüz ki, Azərbaycan iqtisadiyyatının çoxşaxəli olmasına xidmət edəcək və Azərbaycan yalnız neft sektorundan asılı olmayacaq. Demək olar ki, biz bu prosesin bir neçə ildir ki, şahidiyik. Bilirsiniz ki, Azərbaycanda 2004-cü ildən başlayaraq, regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramları qəbul olunub. Bu kimi proqramların nəticəsində Azərbaycan regionları inkişaf edib, bir sıra yollar çəkilib, körpülər inşa edilib. O cümlədən enerji problemi aradan qaldırılıb. Bunların hamısı rayonların dövlət büdcəsindən istifadə etmədən özünü idarə etməsinə gətirib çıxarır. Bildiyiniz kimi, bizim bu il 5 rayonumuz artıq dövlət büdcəsindən istifadə etmədən özü-özünü maliyyələşdirəcək. Sözsüz ki, növbəti illərdə bu kimi şəhər və rayonların sayı artacaq.

Məlumdur ki, tükənən və tükənməyən sərvətlər var. Torpaq da tükənməyən sərvətdir. Azərbaycan insanı da torpaqla işləməyi bacaran və sevən insandır. Aqrar sahənin inkişafına eyni zamanda ölkəmizin iqlimi də şərait yaradır. İqlimimiz torpağa az vəsait qoymaqla ondan daha çox məhsul əldə etməyə imkan verir.

- Ünvanlı sosial yardımların məbləği ilə bağlı yeni qaydalar tətbiq oluna bilərmi?

- Bilirsiniz ki, ünvanlı sosial yardım haqda qanun 2006-cı ildə qəbul olunub. 2007-ci ildən etibarən isə tətbiq olunmağa başlayıb. Sözügedən qanun Azərbaycanda yoxsulluğun səviyyəsinin aşağı düşməsində böyük rol oynayıb. Bu qanun ölkəmizdə yoxsulluğun aradan qaldırılması üçün keçid mərhələ hesab olunur. Növbəti ildə bu barədə yeni qaydaların qəbul olunması sözsüz ki, gözləniləndir.

Bütün xəbərlər Facebook səhifəmizdə