Millət vəkilləri noyabrda baş tutması planlaşdırılan Azərbaycan və Ermənistan prezidentlərinin görüşündə Dağlıq Qarabağ məsələsinin həllində hər hansı bir irəliləyişin olub-olmayacağı məsələsinə münasibət bildiriblər. SİA parlament üzvlərinin fikirlərini təqdim edir:

Millət vəkili Rasim Musabəyov: "Noyabrda keçirilməsi nəzərdə tutulan Azərbaycan və Ermənistan prezidentlərinin görüşündə Dağlıq Qarabağ probleminin həlli istiqamətində hər hansı bir irəliləyişin olmasını indidən demək hələ çox tezdir. Bu görüş sadəcə hər hansı bir intensiv danışıqların yeni raundunun başlanıb-başlanmadığını müəyyənləşdirəcək".

Millət vəkili Çingiz Qənizadə: "Görüşdə Dağlıq Qarabağla bağlı məsələnin həllində irəliləyiş Ermənistandan asılıdır. Bildiyiniz kimi, biz artıq müəyyən prinsiplər də qəbul etmişik. Bura Madrid, eləcə də ATƏT-in Minsk qrupunun təsdiq etdiyi müəyyən prinsiplər aiddir. Təbii ki, həmin prinsiplərlə bizim milli maraqlar uyğunluq təşkil edir. Təəssüf ki, Ermənistan hər zaman manevr edə bilir və mövcud prinsiplər ətrafında düşünəcəklərini deyirlər. Nə qədər ki Ermənistan Rusiyanın qoltuğu altında müstəqil dövlət deyil, o zamana kimi Dağlıq Qarabağ məsələsində müəyyən problemlər olacaq. Çünki bu qərarı Ermənistan özü həll edə bilmir. Bütün bunlara baxmayaraq, prezidentlərin görüşü vacibdir. Hər görüşdə müəyyən qədər də olsa, nələrəsə nail olmaq olar. Ən azından danışmaq imkanımız olur və bəyan edirik ki, biz görüşlərə maraqlıyıq".

Millət vəkili Fəzail Ağamalı: "Nəzərə alsaq ki, prezident heç vaxt görüş xətrinə görüşə getmir, görüşdə müəyyən irəliləyişlərin olması gözlənilir. Azərbaycanın işğal olunan torpaqlarının azad olunması yolunda tutduğu sərt mövqe problemin ərazi bütövlüyümüz çərçivəsində həll olunması prinsipi ilə yanaşsaq, müəyyən irəliləyişlərə doğru imkanlarımız var. Dəfələrlə ümid verici hallar olsa da, Ermənistanın konstruktiv mövqeli siyasətdə qalması problemin həllinə hər zaman maneçilik törədir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB