Çingiz Qənizadə: “Putin dovşana qaç, tazıya tut deyir”

Çingiz Qənizadə: “Putin dovşana qaç, tazıya tut deyir”

"Rusiyada başqa millətlərə qarşı dözümsüzlük və dini-irqi münaqişənin bu formada yaradılması, eyni zamanda başqa millətlərə qarşı zorakılıqla müşahidə olunan aksiyaların keçirilməsi bizdə çox böyük narahatlıq yaradır və biz bunu pisləyirik. Tezliklə Rusiyanın müvafiq dövlət qurumları tərəfindən bu cür zorakı, təxribatçı addımların, başqa millətlərə qarşı keçirilən aksiyaların qarşısı alınmayacaqsa və rus telekanallarında bununla bağlı maarifləndirici verilişlər verilməyəcəksə, bu məsələ Rusiyanın sərhədlərindən çıxıb beynəlxalq qurumlarda, Avropa Şurasında müzakirə obyektinə çevriləcək".

Rusiyada yaşayan qeyri-millətlərə qarşı həyata keçirilən aksiyalara, azərbaycanlıların öldürülməsinə münasibət bildirən millət vəkili Çingiz Qənizadə bu fikirləri SİA-ya açıqlamasında bildirib.

Millət vəkili qeyd edib ki, Rusiyanın dövlət dövlət başçısı Putin buna etirazını bildirəndən sonra bunun qarşısının alınması üçün hələ də əməli tədbirlər görülmürsə, onda bizdə belə bir fikir yaranır ki, onun bu etirazı da görüntü xatirinədir və əslində bu proses yuxarıdan istiqamətləndirilir: "Rusiya özünü demokratik, hüquqi bir dövlət hesab edir, Avropa Şurasının üzvüdür və müəyyən öhdəlikləri var. Necə olur ki, Putinin əleyhdarı olan müxalifət mitinqlər keçirən zaman minlərlə adam meydana çıxdıqda onların qarşısını ala bilirlər, onları həbs edə bilirlər, amma bu millətçiləri qızışdıran insanları tapıb cəzalandıra bilmirlər?"

Qarşıdan Avropa Şurasının qış sessiyasının gəldiyini deyən millət vəkili Ç.Qənizadə onu da əlavə edib ki, biz hüquq müdafiəçisi olaraq, məhz bu məsələ ilə bağlı həm Azərbaycanda, həm MDB-də, həm də başqa dövlətlərdə olan dostlarımızla əlaqə saxlayacağıq: "Rusiyada başqa millətlərə, xüsusilə azərbaycanlılara qarşı həyata keçirilən bu addımlarla bağlı Avropa məkanına daxil olan dövlətlərin hüquq müdafiəçiləri adından çox böyük bir müraciət hazırlayacağıq. Müraciətdə göstərəcəyik ki, bütün bunlara son qoyulması üçün Rusiyaya müəyyən təzyiq formalarına əl atılsın".

Bütün xəbərlər Facebook səhifəmizdə